Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdürAvqustun 26-sı Azərbaycan dövlətinin, xalqının rifahı və inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm və bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür...

Bu əlamətdar gündə Mehriban xanımı xalqımızın sevimlisinə çevirən məqamlarla bağlı hər bir azərbaycanlının səmimi düşüncələrinin səsi olmağı özümüzə borc bildik...

Çünki yalnız bir xalqın mənəvi dəyərlərini, onun varlığının əsaslarını, təmsil etdiyi yüksək keyfiyyətləri özündə birləşdirə bilən şəxslər həmin xalqın ən dəyərli nümayəndələrinə çevrilə bilərlər. Xalqın arasından çıxıb onun mədəniyyət və tarixinə sahib çıxan, bu dəyərləri layiqincə təmsil edən və onları öz fəaliyyətində rəhbər tutanlar məhz bir gün xalqı təmsil etmək hüququ qazanırlar. Xalq bu hüququ yalnız ona xidmət yolunda yorulmadan çalışan, atdığı hər addımı, hər şəxsi uğuru xalqın sevgisinə, uğuruna çevrilən insanlara verir.

Belə olan halda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycan xalqının layiqli təmsilçisi, onun milli-mənəvi dəyərlərinin, tarixinin təbliğatçısı, gələcək nəsillərə qüdrətli Azərbaycan ideallarının ötürülməsində müstəsna xidmətləri olan tamhüquqlu bir fərdi adlandırmaq olar.

Bir xalqın qəlbində özünə yer tapmaq, onun həm qürur duyduğu bir fərdi, həm gələcəyini təmin edəcək siyasi fikirlərin tətbiqində yer alan siyasətçisi, həm də keçmişinə və gələcəyinə işıq tutan ziyalısı olmaq artıq tarixin şanlı səhifələrində o xalqla birgə yer almaq deməkdir.

Bəli, tarixdə yer ala bilmək, bəlkə də, bəzi hallarda çox asandır, ancaq həmin tarixdə öz xalqını layiqincə təmsil etmək, varlığını xalqın tarixinə çevirmək, xalqla birgə tarix yazanlardan olmaq çox çətindir.

Ancaq bu gün Mehriban Əliyevanın şəxsində biz xalqla birgə tarix yazmağın nə qədər çətin olsa da, mümkün olduğunu görə bilirik. Məhz bu səbəbdəndir ki, Mehriban Əliyevanın heç vaxt xüsusi təqdimata ehtiyacı olmayıb. Uzun illərdir davam edən çoxşaxəli fəaliyyətinə nəzər salsaq, Mehriban Əliyevanı bir çox titullarla, bir çox fəxri və elmi adlarla, rəhbərlik etdiyi layihələrlə, təmsil etdiyi təşkilatlarla, Azərbaycan, onun gələcəyi, varlığı və beynəlxalq arenada təqdimatı üçün çiyinlərinə götürdüyü öhdəliklərlə tanımaq olar. Ancaq Azərbaycan xalqının bütün nəcib xüsusiyyətlərini daşıyan, sadəliyini xalqın sevgisindən alan biri kimi o, məhz başqa bir təqdimatı özü üçün məqbul sayıb, böyük təvazökarlıqla "sizin Mehriban" olaraq təqdim edilməyi seçib.

Təkcə bu təqdimat belə, Azərbaycanın əxlaqi dəyərlərində böyük önəmə sahib təvazökarlığın əyani mənzərəsi kimi önə çıxır, qazanılmış, əldə olunmuş istənilən titulun xalqdan biri olmaqdan, onun fərdi kimi qürur duymaqdan üstün olmadığını göstərir. Azərbaycan ziyalısı, siyasətçisi, onun görkəmli nümayəndəsi üçün ən ideal tanıtım məhz onun xalqın - sizin, bizim, hər birimizin ailəsinin - müqəddəs birliyinin bir üzvü olması, bizim aramızdan çıxaraq bizi təmsil etdiyi üçün yaşadığı böyük fəxarət hissinin vurğulanması ola bilərdi.

Bir fərdin şəxsiyyət kimi formalaşması və cəmiyyətin, dövlətin, xalqın həyatında, təfəkküründə özünə layiq yer tutması üçün ilk növbədə böyüyüb-formalaşdığı mühit, ailə və ona aşılanan keyfiyyətlər ön plana çıxır. Bu baxımdan çox şanslı olan Mehriban xanım Azərbaycan ziyalısının formalaşması üçün ideal mühitdə dünyaya göz açıb.

O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva, həmçinin, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.

Göründüyü kimi, Mehriban xanımın böyüdüyü mühitdə ziyalı kimi formalaşması, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, Azərbaycan xalqının daşıdığı bütün nəcib xüsusiyyətləri mənimsəməsi qaçılmaz hal idi. Təkcə babaları - məşhur yazıçımız Mir Cəlal Paşayev və görkəmli jurnalistimiz Nəsir İmanquliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyat və publisistikasının inkişafı üçün gördüyü işləri yada salsaq, Mehriban xanımın hansı mühitdə tərbiyə alması barədə aydın təsəvvürlər formalaşar. Üstəlik, valideynlərin də övladın həyatında, onun gələcək uğurlarının bünövrəsi üçün sağlam zəmin hazırlanmasında, ona həyatın məqsəd və məramlarının dərk etdirilməsindəki yeri və önəmi danılmazdır.

Azərbaycanın gələcəyinə işıq saçan, xalqın maariflənməsində, ölkədə mədəni mühitin, dəyərlərin formalaşmasında rol oynayan, hətta öndərlik edən bu cür ziyalıların ocağında yetişmək hər insana qismət olmayacaq bir xoşbəxtlik idi. Bu xoşbəxtlik isə sözün əsl mənasında gələcək şəxsiyyətin formalaşmasında əvəzsiz bir məktəbə çevrilmişdi.

Həmin məktəbin təlqin etdiyi böyük dəyərlər, müqəddəs ideallar və fikirlər sonradan həyatın bütün mərhələlərində rəhbər tutularaq, Mehriban Əliyevanın şəxsiyyət kimi tarix səhnəsində özünəməxsus yer almasını təmin edib.

Heç şübhəsiz, gələcək həyatın uğurlu təməli həm də təhsildən asılıdır. Bu təməlin sarsılmaz dayaqlar üzərində inşası üçün var gücü ilə çalışan Mehriban Əliyeva ali təhsil üçün N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini seçib. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Mehriban Əliyeva və İlham Əliyev 1983-cü ildə ailə həyatı qurublar. Bu evlilikdən üç övladları olub, beş də nəvəyə sahibdirlər. Mehriban Əliyevanın müsahibələrində dediyi kimi, onun ixtisas seçimində həm anasının xəyalları, həm də İlham Əliyevin anası Zərifə Əliyevanın məsləhəti önəmli rol oynamışdı. Çünki büründüyü və layiqincə təmsil etdiyi Azərbaycan xanımı obrazı, şübhəsiz ki, böyüklərin təcrübə və dəyərli məsləhətlərinə dərin hörmət və ehtiram tələb edirdi.

Azərbaycan naminə bir çox sahələrdə uğurla çalışan Mehriban xanımın fəaliyyətində böyük önəm kəsb edən qurumlardan biri 1995-ci ildə öz təşəbbüsü ilə təsis etdiyi, hazırda da rəhbəri olduğu Azərbaycan Mədəniyyət Fondudur. Bir il sonra Azərbaycan mədəniyyətinin geniş auditoriyaya təbliğ olunması, bu misilsiz mədəniyyətin layiqincə təqdimatının həyata keçirilməsi məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan "Azərbaycan - İrs" jurnalı təsis edilir. Xarici aləmin Azərbaycan mədəniyyətindən, demək olar ki, bixəbər olduğu bir vaxtda fond və jurnal, onların hər ikisinə rəhbərlik edən Mehriban Əliyeva öz çiyinlərinə kifayət qədər mürəkkəb bir missiyanı götürmüşdülər. Bu missiyanı layiqincə yerinə yetirə bilməyin yeganə şərti - Azərbaycan sevgisi, uğura aparan yolun açarı, xalqın tarix və mədəniyyətinə vurğunluq idi.

Mehriban Əliyevanın fəaliyyətində mühüm yerlərdən birini Heydər Əliyev Fondu tutur. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Fond ümummilli liderin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin dövlətçiliyimizin formalaşmasında zəmin rolunu oynayan ideyalarının təbliği, gələcək nəsillərə öyrədilməsi və yaşadılması kimi önəmli vəzifələrin icrasını öhdəsinə götürüb.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyində həm də uzun illərdir Azərbaycanın qəhrəman övladlarının himayədarı kimi çıxış edir. İstər 1990-cı illərin Qarabağ döyüşlərində, istərsə də Vətən müharibəsində iştirak edən və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinin qayğısına qalmaq deyəndə ilk olaraq onun adı ağıllara gəlir. Şəhid ailələri ilə mütəmadi görüşlər, onların sosial-məişət problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması, qazilərimizin səhhəti ilə bağlı problemlərin həlli, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və s. görülən işlərin, sadəcə, kiçik bir qismidir.

Fond həm də Azərbaycan ədəbiyyatı və musiqisi üçün misilsiz işlər görür. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. O, həm də 2006-cı ilin 24 noyabrından etibarən ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi təmsil edir.

Qeyd edək ki, 2022-ci ilin 15 noyabrında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odre Azuleyə məktub ünvanlayıb.

Məktubda 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə, Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.

2005-ci ilin noyabrın 6-da Milli Məclisə keçirilən seçkidə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak edən Mehriban Əliyeva seçicilərin böyük etimadı fonunda (92,12 faiz) parlamentdə Azərbaycan xalqını təmsil etmək hüququ qazanıb. Fəaliyyəti boyu xalqa xidməti qarşısına daim prioritet məsələ kimi qoyan Mehriban Əliyeva 2010 (94,49 faiz) və 2015-ci (96,7 faiz) illərdəki parlament seçkilərində də xalqın ona olan sevgisinin günü-gündən artdığını hər kəsə sübut edib.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub. Bütün hallarda olduğu kimi, bu çətin və məsuliyyətli tapşırığın da öhdəsindən layiqincə gəlinib, Azərbaycan Mehriban Əliyevanın səyləri nəticəsində bu nüfuzlu və bir o qədər də əhəmiyyətli işi uğurla yerinə yetirib.

Elə məhz bu xalq sevgisi, dövlətçiliyin inkişafında oynadığı əvəzsiz rol və aparılan gərgin mübarizənin məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu tarixi hadisə onun dövlətçilik tariximizdə daşıdığı vəzifələrin əhəmiyyətini ön plana çıxarmaqla bərabər, xalqın iradəsinin təcəssümü kimi yadda qalıb.

Mehriban Əliyeva, hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsinin getdiyi şərəfli və eyni zamanda çətin dövrdə xalqın qayğısına qalmaqla milli qələbəmizə böyük töhfə verdi. İşğaldan azad edilən torpaqlarımıza ilk səfərlərdə heç bir təhlükədən çəkinməyərək, hər zaman dövlət başçısı, müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyevin yanında yer alan Mehriban Əliyeva bir daha Azərbaycan xalqının Vətən sevgisinin, Vətən həsrətinin böyüklüyünü göstərdi, uzun illər öz doğma yurd-yuvalarından didərgin düşən, öz doğma torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidin, Qarabağı görmədən onun xəyalı ilə böyümüş hər bir gəncin simasında orada öz xalqını təmsil etdi.

Hər zaman öz sadəliyi ilə seçilən ölkənin Birinci vitse-prezidenti şəxsən çəkdiyi kadrlarla azərbaycanlıların Vətən həsrəti ilə alovlanan qəlblərinə su səpdi. Səfərin çətinliyi, bölgənin işğaldan yenicə azad olunmasından sonra mövcud mina və digər təhlükələrdən heç zaman çəkinməyən Mehriban Əliyeva öz xalqı naminə üzərinə götürdüyü bu missiyanı da layiqincə yerinə yetirdi.

2024-cü ildə də Mehriban Əliyevanın fəaliyyəti gərgin qrafikdə davam edib. Birinci vitse-prezident dövlətimizin başçısı İlham Əliyevlə birlikdə işğaldan azad edilən ərazilərdə tikinti-bərpa işlərinin gedişi ilə tanış olub, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Belə ki, o, İlham Əliyevlə birgə təkcə bu il Şuşada Mamayı və Zəngilanda Zəngilan məscidlərinin açılışlarında, Zəngilan rayonunda "Ağalı" hotelinin, Şuşada Şirin su hamamının, Ağdam şəhərində dördüncü yaşayış kompleksinin təməlqoyma və açılış mərasimlərində iştirak edib, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Mehriban Əliyevanın fəaliyyətində qlobal siyasətdəki rolu da mühüm əhəmiyyətə malikdir. Belə ki, Birinci xanım Mehriban Əliyevanın 2023-cü ilin noyabrında "Fələstin üçün tək ürək" toplantısının iştirakçılarına müraciəti və toxunduğu əsas məqamlar onun fəaliyyət istiqamətinin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Lakin bütün bunların fonunda Mehriban Əliyeva ilə bağlı qeyd edəcəyimiz ən vacib xüsuslardan biri kimi onun Prezident İlham Əliyevlə birgə növbədənkənar prezident seçkisində Xankəndidə səs verməsini qeyd etmək yerinə düşər. Belə ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa ediləndən sonra ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən zəfər seçkisində İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndidə səs verməsi bütün xalqını təmsil etməsi idi. Bu nüans Azərbaycan tarixinin şanlı səhifələrində hər zaman qürurla xatırlanacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 724   Tarix: 26 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr