"Konstitusiya və Suverenlik İli" hüquqi dövlətin uğurlarını nümayiş etdirir

"Konstitusiya və Suverenlik İli" hüquqi dövlətin uğurlarını nümayiş etdirirTarixə nəzər saldıqda, görürük ki, hər bir xalqın vahid ali amallar, o cümlədən suverenlik və müstəqillik uğrunda, eləcə də öz hüquqları və mənafeləri ilə bağlı məsələləri həll etmək, həmçinin ali qanun olan Konstitusiyanın qəbul edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirməsi üçün birləşməsində zəruri olan milli ideologiya böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında reallaşır. Azərbaycan xalqı ilə bağlı bu şərəfli missiyanı məhz Ümummilli lider Heydər Əliyev həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev həyatının bütün dövrlərində tarixi ənənə və soykökünün təməl prinsipləri üzərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuşdur.

14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev milli-mənəvi dəyərləri bərqərar etmək, xalqın şanlı keçmişini, soykökünü qaytarmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyəgəlməz işlər görmüşdür. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, o cümlədən mütəfəkkir fikirli alimlərinin, ədiblərinin və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin də inkişafına təkan vermiş, azərbaycanlıların necə zəngin tarixə, qədim soykökünə malik olduğunu dünyaya bəyan etdirmişdir. Əzmkar lider Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur.

Azərbaycan dilini azərbaycançılığın başlanğıc məqamı, ən mühüm cəhəti, təməl prinsipi hesab edən Ümummilli lider Heydər Əliyev kosmopolit ideyaların hökm sürdüyü bir dövrdə milli məfkurənin qorunub saxlanılması istiqamətindəki fəaliyyətində ana dilinin inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm işlər görmüşdür. Müdrik lider yəqin bilirdi ki, xalqa milli-mənəvi dəyərləri aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rəsmi çıxışlarının əksəriyyətində Azərbaycan dilində nitq söyləyən Ulu öndər bütün rəhbər vəzifəlilərdən də bunu tələb edirdi. Onun rəsmi partiya tədbirlərində ana dilində nitqləri həmin vaxtadək heç vaxt işlənməmiş milli siyasi ədəbi dil üslubunu yaratmaqla bərabər, böyük tarixi məna kəsb edirdi.

1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, ciddi maneələrə baxmayaraq, Azərbaycan dilinin bu ali hüquqi aktda dövlət dili kimi təsbit olunması da cəsarətli şəxsiyyətin qətiyyətli mübarizəsinin nəticəsi idi. Bundan sonra, hüquqi əsas yarandığı üçün ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, radio, kino, teatr quruculuğunda milli dilin tətbiqini genişləndirmək daha asan oldu. Təbliğat üçün xüsusi önəm kəsb edən bu sahələrdə də milliləşmə prosesi başladı. Məhz Ümummilli liderin təşəbbüsü və himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini və s. əks etdirən mövzularda filmlər çəkildi. Təsadüfi deyildir ki, "Nəsimi", "Babək", "Dəli Kür" və digər bu kimi filmlər gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə suverenlik və müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı.

Sadalanan misilsiz xidmətlər millətin həmrəyliyində və mənəvi bütövlüyündə, monolitliyində, bir xalq kimi formalaşması prosesində aparıcı amil olmaqla yanaşı, həm də milli birliyin yaranmasında, bununla da suverenliyin qazanılmasında və müstəqilliyin əldə olunmasında, eləcə də taleyüklü məsələlərin həlli zamanı ümumxalq səsvermələrinin (referendumların) uğurla keçirilməsində olduqca mühüm əhəmiyyət kəsb etmişdir.

Ümummilli liderin 15 iyun 1993-cü il tarixdə xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunması iqtisadi inkişafa zəmin yaratmaqla yanaşı, yeni hədəflərə çatmağa rəvac verdi. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatlar aparıldı. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi.

Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Hər bir dövlətin demokratik inkişafı üçün Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, eyni zamanda, onun aliliyinin təmin olunması üçün konstitusiya nəzarəti institutunun yaradılması da labüddür. Buna görə də, məhz Ulu Öndərin təşəbbüsü və onun 14 iyul 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. Əsas təyinatı Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin ölkəmizin əsas qanununda təsbit edilmiş hüquq və azadlıqlarının etibarlı müdafiəsindən ibarət olan ali konstitusiya ədalət mühakiməsi orqanı, peşəkar hakimlərdən ibarət tərkibdə fəaliyyətini uğurla davam etdirir.

Məlum olduğu kimi, Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Dövlət başçısı Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ili Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan etmişdir.

"Konstitusiya və Suverenlik İli" də Azərbaycan tarixinə uğurlu illərdən biri kimi düşünür. Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində ölkəmzin çoxşaxəli inkişafı və əhalinin güzəranının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunmuşdur. Dünyada gedən mürəkkəb proseslərə, ümumbəşəri ciddi problemlərə rəğmən respublikamızda iqtisadiyyat güclənmiş, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilmiş və hər bir istiqamət üzrə ardıcıl nailiyyətlər əldə olunmuşdur.

Eyni zamanda, regionlarımızın tarazlı inkişafı ilə bərabər, lider-xalq-ordu birliyi nəticəsində hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilmiş əzəli ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilmişdir. Dövlətimizin hərtərəfli qüdrətlənməsində və əldə olunan ardıcıl uğurlarda, eləcə də beynəlxalq əlaqələrimizin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik, hər bir məqamda dövlət başçısının yanında olan Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin özünəməxsus rolu vardır. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə və prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Əminəm ki, növbəti illərdə də möhtərəm Prezidentin rəhbərliyi ilə dövlətimiz daha da qüdrətlənəcək, eləcə də xalqımızın rifahı hərtərəfli yüksələcəkdir.

Xanlar VƏLİYEV,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi,
ədliyyə general-leytenantı, əməkdar hüquqşünas

"Konstitusiya və Suverenlik İli" hüquqi dövlətin uğurlarını nümayiş etdirir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1088   Tarix: 18 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr