"Bugünkü gənc bilməlidir ki, harada olmasından asılı olmayaraq, o, Azərbaycan dövlətinin və xalqının səsidir" - Deputatla MÜSAHİBƏ

"Bugünkü gənc bilməlidir ki, harada olmasından asılı olmayaraq, o, Azərbaycan dövlətinin və xalqının səsidir" - Deputatla MÜSAHİBƏMilli Məclisin deputatı Şahin Seyidzadə 2 Fevral - Gənclər Günü ilə bağlı Sonxeber.az-ın suallarını cavablandırıb.

- Azərbaycan gəncliyinin dünyadakı yerini harda görürsünüz?

- İlk növbədə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi səmimi-qəlbdən təbrik edir, hər birinə sağlamlıq, uğur və böyük nailiyyətlər arzulayıram. Bu gün qlobal dünya xeyli kiçilib və gənclər üçün sərhədlər demək olar ki, aradan qalxıb. Müasir Azərbaycan gənci artıq təkcə yaşadığı şəhərin, rayonun və ya ölkənin deyil, bütövlükdə Azərbaycanın dünyadakı təmsilçisidir. Mən Azərbaycan gəncliyini dünyada keyfiyyətli təhsilə, peşəkar biliklərə, yüksək mənəvi dəyərlərə və güclü milli kimliyə malik, ölkəmizi layiqincə təmsil edən bir nəsil kimi görürəm. Bugünkü gənc bilməlidir ki, harada olmasından asılı olmayaraq, o, Azərbaycan dövlətinin, xalqının və millətinin səsidir, simasıdır və vizit kartıdır. Bu isə gəncdən daimi inkişafı, yeni biliklərə yiyələnməyi, məsuliyyətli olmağı və öz üzərində davamlı işləməyi tələb edir. Əks halda, qlobal dünyanın fəal iştirakçısına çevrilmək mümkün deyil. Sevindirici haldır ki, Azərbaycan dövləti gənclərimiz üçün geniş imkanlar yaradıb: təhsil proqramları, beynəlxalq layihələr, mübadilə proqramları, startap və innovasiya mühiti, könüllülük və liderlik təşəbbüsləri. Bu imkanlar gənclərimizin təkcə ölkə daxilində deyil, həm də beynəlxalq arenada özlərini inamla, peşəkar və ləyaqətli şəkildə ifadə etməsinə şərait yaradır. Mən əminəm ki, bugünkü Azərbaycan gəncliyi bu imkanlardan yararlanaraq, dünyanın müxtəlif ölkələrində ölkəmizi uğurla təmsil edirlər.

- Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas üstünlüyü ondan ibarətdir ki, gənclər bu siyasətin təkcə obyektləri deyil, eyni zamanda onun aktiv iştirakçıları və aparıcı qüvvəsidir. Gənclər həm proseslərdə birbaşa iştirak edir, həm də bu siyasətin davamlı inkişafına real töhfə verirlər. Bu gün ölkəmizdə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, müxtəlif dövlət və ictimai qurumlar tərəfindən gənclər üçün çoxsaylı layihə və proqramlar icra olunur. Bu təşəbbüslər gənclərin liderlik bacarıqlarının inkişafına, ictimai fəallığının artırılmasına, peşəkar bilik və təcrübə qazanmasına xidmət edir.

Xüsusilə qeyd etmək lazımdır ki, ən mühüm və strateji təşəbbüslərdən biri xaricdə təhsil üzrə dövlət proqramıdır. Bu proqram gənclərə verilən adi bir imkan deyil, ölkənin insan kapitalına yönəlmiş uzunmüddətli və strateji investisiyadır. Bu gün xaricdə təhsil alan və ya almış gənclər sabah dövlət idarəçiliyində, biznesdə, elmdə və ictimai sektorda Azərbaycanın inkişafına töhfə verən əsas kadrlara çevrilirlər. Bununla yanaşı, "Yüksəliş" müsabiqəsi, Azad Mirzəcanzadə "İnkişaf Proqramı" və digər inkişaf proqramları gənclərin potensialının üzə çıxarılmasına, sağlam rəqabət mühitinin formalaşmasına və bacarıqlı kadrların önə çəkilməsinə xidmət edir. Ən vacib məqamlardan biri də odur ki, gənclər təkcə bu imkanlardan faydalanmır, eyni zamanda ölkədə həyata keçirilən dövlət siyasətinin icrasına da öz fəaliyyəti ilə töhfə verirlər. Gənclər çalışdıqları sahələrdə, beynəlxalq tədbirlərdə, forumlarda və layihələrdə Azərbaycanın dövlət gənclər siyasətini uğurla təmsil edir və ölkəmizin müasir, dinamik və inkişaf edən imicinin formalaşmasına xidmət edirlər.

- Gənclər siyasəti çərçivəsində həyata keçirilən dövlət proqramlarının üstünlüyü və əhəmiyyəti nədən ibarətdir?

- Bu gün gənclər siyasəti çərçivəsində icra olunan layihə, proqram və tədbirlərin əsas üstünlüyü ondan ibarətdir ki, onlar yalnız bugünkü nəticələrə deyil, ölkənin uzunmüddətli və davamlı inkişafına hesablanıb. Bu siyasət gələcəyi formalaşdıran strateji bir yanaşmadır. Bunun ən bariz nümunəsini 44 günlük Vətən Müharibəsi dövründə gördük. Məhz illər ərzində həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin nəticəsi olaraq vətənpərvər, milli ruhda yetişmiş bir gənc nəsil formalaşdı. Həmin gənclər döyüş meydanında böyük qəhrəmanlıq göstərərək tarixi Zəfəri qazandılar və Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynadılar. Bu fakt bir daha sübut etdi ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin, xüsusilə gənclərə yönəlmiş təşəbbüslərin cəmiyyətə və dövlətçiliyin möhkəmlənməsinə birbaşa və müsbət təsiri var. Gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik və məsuliyyət ruhunda yetişdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev çıxışlarında və görüşlərində dəfələrlə vurğulayıb ki, gənclər siyasəti Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsində, milli birliyin qorunmasında və ölkənin gələcək inkişafında mühüm rol oynayır. Bu baxımdan həyata keçirilən proqramlar sadəcə sosial layihələr deyil, dövlətin gələcəyinə yönəlmiş strateji investisiyalardır.

- Çalışdığı sahədə uğur qazanmaq üçün gənclər hansı qızıl qaydalara əməl etməlidir?

- Bu gün gənc nəsildə tez nəticə əldə etmək istəyi çox güclüdür. Ancaq reallıq ondan ibarətdir ki, həqiqi və dayanıqlı uğur qısa yolun deyil, uzunmüddətli zəhmətin nəticəsidir. Hər bir uğurun arxasında ciddi əmək, bilik, səbr və ardıcıl çalışma dayanır. Birinci və əsas şərt savadlı olmaqdır. Təkcə diplom sahibi olmaq kifayət etmir. Vacib olan bilikli, dünyagörüşlü olmaq, oxumağı həyat tərzinə çevirməkdir. Gənc daim klassik və müasir ədəbiyyatı oxumalı, informasiya əldə etməyi, onu düzgün emal etməyi, təhlil aparmağı və doğru nəticə çıxarmağı bacarmalıdır. Bugünkü dünyada sadəcə məlumatlı olmaq yox, analitik düşüncə əsas üstünlükdür. İkinci vacib məqam davamlı inkişafdır. Dünya çox sürətlə dəyişir və bu dəyişikliklər biliklərə olan tələbləri də daim yeniləyir. Əgər insan öz biliyini yeniləmirsə, bir müddət sonra artıq rəqabətə davam gətirə bilməyəcək. Bir universiteti bitirməklə bu proses başa çatmır. Gənc bilməlidir ki, hər 5, 10, 15, hətta 20 ildən bir yeni yanaşmalarin və yeni biliklərin yiyələnməsinə zərurət var. Üçüncü qızıl qayda isə səbr və ardıcıllıqdır. Həyatın müxtəlif mərhələlərində çətinliklər, yorğunluq və hətta məyusluq ola bilər. Ancaq öz üzərində çalışan, oxuyan, inkişaf edən və yolundan dönməyən insan gec-tez nəticə əldə edir. Uğur təsadüf deyil - o, davamlı zəhmətin məntiqi nəticəsidir.

- Vətənpərvərlik hisslərinin artırılması istiqamətində hansı layihələrin icrasını vacib hesab edirsiniz?

- 44 günlük Vətən Müharibəsi bir daha göstərdi ki, vətənpərvərlik gənclərimiz üçün sadəcə bir anlayış deyil, real davranışa və qəhrəmanlığa çevrilmiş dəyərdir. Amma bu qəhrəmanlıq təsadüfi deyil o, düzgün formalaşdırılmış və ardıcıl şəkildə aşılanmış vətənpərvərlik ruhunun nəticəsidir. Müasir Azərbaycanın ən böyük və ən nümunəvi qəhrəmanı, sözsüz ki, Prezident İlham Əliyevdir. Onun siyasi iradəsi, qətiyyəti və liderliyi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı və bu liderlik gənclər üçün canlı bir nümunəyə çevrildi. Gənclər Prezidentin liderlik modelini, eyni zamanda müharibə və əmək qəhrəmanlarını örnək götürərək anlamalıdır ki, Azərbaycan dövləti və Azərbaycan vətəni hər birimizin şəxsi məsuliyyətidir. Vətənpərvərlik müvəqqəti siyasi proseslərlə, fərdi münasibətlərlə və ya situativ emosiyalarla ölçülməməlidir. Bu, dərin və dəyişməz bir hissdir. Necə ki, insan valideynini seçmir və onu həyatının hər anında valideyn kimi qəbul edir, vətən də dəyişməzdir. Ana kimi… Ona münasibət də eyni dərinlikdə və məsuliyyətlə formalaşmalıdır. Bu baxımdan hesab edirəm ki, gənclər üçün vətənpərvərlik təkcə tədbirlərlə deyil, dəyərlər üzərindən qurulan layihələrlə gücləndirilməlidir. Tarixi yaddaşı yaşadan proqramlar, şəhid ailələri ilə ünsiyyət, milli qəhrəmanların həyat yolunu əks etdirən maarifləndirici layihələr, məktəb və universitetlərdə real həyat nümunələri üzərindən aparılan vətənpərvərlik təlimləri xüsusilə vacibdir. Bu gün hər bir Azərbaycan gənci harada yaşamasından asılı olmayaraq bilməlidir ki, onun bir vətəni var və o da Azərbaycandır. Bu dəyər dəyişmir və dəyişməməlidir.

- Süni intellekt və proqramlaşdırma biliklərinin gənclərin gələcək uğurunda rolu nədən ibarətdir?

- Gələcək uğur üçün heç bir texnologiya, o cümlədən süni intellekt avtomatik zəmanət deyil. Süni intellekt sadəcə yeni bir alətdir. Amma bu, çox güclü və düzgün istifadə edildikdə insanın imkanlarını dəfələrlə artıran bir alətdir. Əgər insan tarixə baxsaq görərik ki, bəşəriyyətin inkişafı həmişə yeni alətlərin meydana çıxması ilə bağlı olub. Odun kəşfi, metalın istifadəsi, yazının yaranması, çap maşını, elektrik, sənaye inqilabı, internet - bunların hər biri əvvəlcə qorxu ilə qarşılanıb, amma sonradan insan inkişafının ayrılmaz hissəsinə çevrilib. Bu gün həmin alətin adı süni intellektdir. Artıq internet adi bir vasitəyə çevrilib. Necə ki, bu gün internetdən istifadə etməyən gənc rəqabətli deyilsə, eyni zaman sabah süni intellektdən istifadə etməyən gənc də eyni vəziyyətə düşəcək. Burada çox vacib bir məqam var: internet düzgün məlumatı tapmaq bacarığını tələb edirdisə, süni intellekt düzgün sual vermək bacarığını tələb edir. Bu isə artıq tamam fərqli səviyyədir. Əgər internetdə eyni sorğunu verən minlərlə insan eyni məlumatı əldə edirdisə, süni intellekt fərqliliyi məhz insanın düşüncə tərzində yaradır. Kim düzgün sual verir, kim düzgün sorğu verir, kim mövqeyini dəqiq formalaşdırırsa, o da daha keyfiyyətli nəticə alır. Bu, "məlumat dövrü"ndən "analitik düşüncə və mövqe dövrü"nə keçiddir. Bu gün süni intellektdən qorxmaq düzgün deyil. 70-ci illərdə internet cəmiyyəti qorxudurdu, bu gün isə süni intellekt eyni reaksiyanı yaradır. Qorxu ondan yaranır ki, insanlar ondan necə istifadə edəcəyini bilmirlər. Amma süni intellekt düzgün istifadə olunduqda təhlükə deyil, faydalı və güclü bir alətə çevrilir. Ona görə də gənclər müasir reallığa hazır olmalıdırlar: lazım gələrsə kurslara yazılmalı, təcrübələr aparmalı, öyrənməli, sınaqdan keçirməlidirlər. Bu aləti rədd etmək mümkün deyil. Əgər digərləri bu alətdən faydalanırsa və sən faydalanmırsansa, problem süni intellektdə yox, yanaşmadadır. Süni intellekt bugünkü cəmiyyətin ayrılmaz hissəsidir və Azərbaycan gənci bu reallıqla barışmalı yox, onu üstünlüyə çevirməyi bacarmalıdır.

- Seçiciləriniz arasında gənclər daha çox hansı problemlərlə bağlı sizə müraciət edir?

- Seçicilərlə, xüsusilə gənclərlə mütəmadi görüşlərdə müraciətlər, təbii ki, olur. Bu müraciətləri şərti olaraq iki qrupa bölmək olar. Birinci qrup o gənclərdir ki, öz üzərlərinə düşəni ediblər: təhsil alıblar, bacarıqlar qazanıblar, CV hazırlayıblar, vakansiyalara müraciət ediblər, amma obyektiv və subyektiv səbəblərdən iş tapa bilmirlər. Bu gənclərlə işləmək, onlara dəstək vermək daha asandır, çünki ortada real səy və real problem var. Amma açıq deməliyəm ki, bu qrup çoxluq təşkil etmir. İkinci qrup isə, təəssüf ki, daha genişdir. Bu qrupda olan gənclər kifayət qədər səy göstərmədən, öz üzərində ciddi işləmədən, əsasən gözləmə mövqeyi tutur və işə düzəlməməyin səbəbini daha çox kənar amillərdə axtarır. Ən çox müraciət olunan problem məhz işsizlik və məşğulluq məsələsidir. Amma sual yaranır: gəncin hansı bacarığı var, hansı üstünlüyü var ki, işəgötürən məhz onu seçsin?
Biz bəzən gənclərlə söhbətdə sadə suallar veririk:
- Təhsilin varmı?
- Bacarıqların hansılardır?
- Hansı sahədə vakansiya olduğunu bilirsənmi?
- Niyə səni yox, başqa namizədi işə götürməlidirlər?
Bu sualların cavabı çox zaman qeyri-müəyyən olur.
Gənclərin inkişafında təhsil mühüm rol oynayır. Və gənclərdə bunu özləri üçün proritetləşdirməlidir. Bir nümunə göstərim. 2022-2024-cü illərdə Qobustan rayonunda 9-cu və 11-ci sinfi bitirən məzunların növbəti təhsil pilləsinə keçid göstəricilərini təhlil etdik. Nəticə onu göstərdi ki, iki məzundan biri növbəti təhsil pilləsinə keçməyib. Məhz bu səbəbdən Qobustan Rayon İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə rayonda peşə təhsili mərkəzinin yaradılması təşəbbüsü irəli sürüldü və reallaşdırıldı. Bilirik ki, peşə təhsili birbaşa məşğulluğa gedən yoldur. Açıq deməliyik: əgər gənc təhsilsizdirsə, ona iş tapmaqda kömək etmək daha çətindir. Dövlət imkan yaradır, amma bu imkanlardan istifadə etmək gəncin öz seçimidir. Təəssüf ki, bəzən gənclər problemi daha çox dövlətdə görür, nəinki öz hazırlığında. Halbuki eyni dövlətdə oxuyub, öz üzərində işləyib uğur qazanan gənclər də var.
Bizim gənclərdən əsas gözləntimiz budur:
- öz üzərində işləsinlər,
- ümidlərini itirməsinlər,
- yaş faktoru ilə özlərini məhdudlaşdırmasınlar.
25-30 yaşda "artıq gecdir" demək təslim olmaqdır. Təslim olan insan isə gələcək və uğurdan danışa bilməz. 44 günlük Vətən Müharibəsi göstərdi ki, Azərbaycan gənci döyüş meydanında qalib gələ bilir. Bu mərhələ bitib. İndi yeni mərhələ başlayıb - təhsil, peşəkarlıq və şəxsi inkişaf mərhələsi. Dövlət bu istiqamətdə imkanlar yaradır. İndi əsas məsuliyyət gəncin öz üzərinə düşür.

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 374   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Satdığı qarpızı daha qırmızı göstərmək üçün etdiyinə baxın - VİDEO

Ankarada bazar satıcısının etdiyi saxtakarlıq sosial şəbəkələrdə böyük narazılıq yaradıb. türk mediasına istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən bir satıcının qarpızın içini daha qırmızı və yetişmiş göstərmək məqsədilə onu çuğundur suyu ilə boyadığı üzə çıxıb. Həmin şəxs hazırladığı b

19 mart
.

"Sədərəy"in sahibinə qarşı yarım milyonluq dələduzluq - İş adamı həbs edildi

"Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini aldadan iş adamı həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 41 yaşlı Elnur Səmədov külli miqdarda dələduzluqda təqsirli bilinib. Bu iş üzrə bir neçə zərərçəkmiş var, E.Səmədovun aldatdığı şəxslərdən biri də Yusi

19 mart
.

DİN-dən bayramda Qarabağa səfər edənlərə - Müraciət

Daxili İşlər Nazirliyi bayramla əlaqədar işğaldan azad edilmiş ərazilərdə yaşayan və bura səfər edən şəxslərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Novruz və müqəddəs Ramazan bayramlarını Qarabağda qeyd edən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən əziz soydaşlarımı

19 mart
.

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni məlumat

"Qazaxıstan AZAL təyyarəsinin qəzasının səbəblərinin texniki araşdırılması üçün zəruri olan müayinələrin nəticələrini avadanlıq istehsalçılarından alıb. Hazırda komissiya üzvləri, o cümlədən Rusiya ilə birlikdə nəticələri yekunlaşdırırıq". -ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanı

20 mart
.

Yollarda görünüş məhdudlaşacaq

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, martın 21-də gecə və səhər saatlarında bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar magistral avtomobi

20 mart
.

"Tez uğur qazanmaq" istəyi gənclərin psixologiyasına necə təsir edir? - AÇIQLAMA

Müasir dövrdə xüsusilə gənclər arasında "tez uğur qazanmaq" istəyi getdikcə daha çox yayılır. Sosial şəbəkələrdə qısa müddətdə böyük nailiyyətlər əldə edən insanların ön plana çıxarılması, "bir gecədə məşhur olmaq" hekayələri bu istəyi daha da gücləndirir. Bəs "tez uğur qazanmaq"

19 mart
.

"Bakcell" rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

İnnovasiya lideri "Bakcell" Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini təqdim edir. "Bakcell"in müştəriləri xaricdə olduqları müddətdə də rahat və fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər. Səfərlər zamanı abunəçilərin üstünlü

19 mart
.

Bu gün Ramazan bayramıdır

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. xəbər verir ki, Bakı məscidlərində saat 08:00-09:00 arasında bayram namazı qılınacaq. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqvimin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb. Azərbaycanda Ramazan bayramı 1993-cü ildə

20 mart
.

36 yaşlı qadının əli blenderdə sıxışıb qaldı - Video

Bakı şəhərinin Binəqədi rayonunda vətəndaşın əli blenderdə sıxışıb qalıb. "Qafqazinfo" xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən xüsusi vasitələrlə 1990-cı il təvəllüdlü şəxsin əlinin təhlükəsiz qaydada çıxarılması təmi

18 mart