İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEOFevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Aleksandar Vuçiçin bəyanatı

- Hörmətli Prezident Əliyev, əziz dostum.

Bu səfərə görə Sizə təşəkkür edirəm. Sizin iş qrafikinizin nə qədər vacib və sıx olduğunu bilirəm. Sizdən özünüzü evinizdəki kimi hiss etməyinizi rica edirəm.

Çinli dostlarımız deyirlər ki, belə yağış olanda, bu, böyük bir işin başlanılmasına hər zaman yaxşı işarədir. Ümidvaram ki, pis hava şəraitinə baxmayaraq, biz bu hadisəni özümüz üçün mümkün olan ən yaxşı şəkildə qəbul edəcəyik və həm Serbiyanın, həm də Azərbaycanın qarşısında necə parlaq gələcəyin olduğunu görəcəyik. Ən azından ikitərəfli münasibətlərimizdən söz açdıqda.

Mən Azərbaycan xalqına, şəxsən Sizə möhtərəm cənab Prezident, böyük ehtiramımı ifadə etmək istəyirəm. Həmçinin Serbiya xalqı qarşısında və əlbəttə, Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə Sizinlə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram. Buna görə hər zaman öz biliyinizi mənimlə paylaşdığınıza, mənim ölkəmin, rəhbərlik etdiyim ölkənin çox yaxşı mətləblər öyrənməli olduğu bizimlə belə əlaqələr qurduğunuza görə Sizə təşəkkür edirəm.

Bu gün Prezident Əliyevlə dünyadakı və Avropadakı bütün mühüm məsələlərlə bağlı danışdım. Biz bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim. Bəzi prosesləri özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim. Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq. Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir. 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmiz əvvəlkindən 16 dəfə, 16 faiz deyil, 16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində biz Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurmuşuq. Mən hesab edirəm ki, bu, Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir.

Bizim sosial həyatın müxtəlif sahələrində əməkdaşlığımız daha mühüm və daha böyük ola bilər və olmalıdır. Mən hesab edirəm ki, daha çox iş və səylərlə, bizim tərəfimizdən daha çalışqan yanaşma ilə gələcəkdə hətta daha yaxşı nəticələrə nail olacağıq. Bu vaxtadək biz 57 sənəd imzalamışıq və bunun üstünə bu gün imzalanmış onlarla digər sənədi də əlavə edə bilərik. Həmin sənədlər sosial həyatın bütün sahələrində münasibətlərimizin yaxşılaşdırılması üçün möhkəm zəmin rolunu oynamalıdır.

Biz sentyabr ayında Azərbaycanda keçiriləcək investisiya forumunda iştirakı müzakirə etdik və bundan əvvəl mən Azərbaycana səfər edəcəyəm. İnanıram ki, bu, bizim biznes dairələrimiz, bankçılarımız və nümayəndələrimiz üçün Azərbaycanı ziyarət etmək fürsətidir və bu da ölkəmiz üçün EXPO-nu təqdim etmək imkanı olacaq. Çünki həmin ərəfədə EXPO-nun keçirilməsinə bir neçə ay qalacaq. Bu tədbir Serbiyada 2027-ci ildə keçiriləcək ən böyük tədbirdir və bizim üçün ən önəmli tədbirdir. Biz "EXPO 2027"də iştirakını təsdiqlədiyi üçün Azərbaycana minnətdarıq və mən əminəm ki, onlar öz gözəl ölkələrini mümkün olan ən yaxşı şəkildə 2027-ci ildə burada - Belqradda təqdim edəcəklər.

Eyni zamanda, diqqətinizi bəzi faktlara da yönəltmək istəyirəm. İki ölkə arasında turizmin artması və mayın 3-də Belqrad və Bakı arasında "Air Serbia" vasitəsilə həyata keçiriləcək birbaşa reysin açılması buna xüsusi töhfə verəcək. Mən Serbiyanın bütün vətəndaşlarına şəxsən deyə bilərəm ki, Bakı gözəl şəhərdir. Onlar orada bir çox yeniliklər görə bilərlər. Şəhər Xəzər dənizinin sahilində yerləşir. O, təmiz, səliqəli şəhərdir. Mən nə zaman Bakıya səfər edirəm, yeni möcüzələr görürəm, Prezident Əliyevin Azərbaycan hökuməti ilə bir yerdə inşa etdiyi yeni və gözəl yerləri görürəm. Orada möhtəşəm muzeylər var. Bulvarlar, mehriban insanlar, təhlükəsizlik mümkün olan ən yüksək səviyyədədir. Beləliklə, bu, Serbiya vətəndaşlarına Azərbaycana səfər etmək üçün açıq bir dəvətdir. Mən Azərbaycan vətəndaşlarını Serbiyanı ziyarət etməyə, bu ölkəni sevməyə dəvət etmək istəyirəm. Serbiya Avropa qitəsində təhlükəsizliyi ən yüksək səviyyədə olan ölkələr sırasındadır. Bizim Azərbaycan xalqı ilə qardaş və dost münasibətlərimiz var. Düşünürəm ki, ölkəmizdə ziyarət edə biləcəyiniz çox yer var. Mən təkcə Belqradı yox, digər şəhərləri, dağ istirahət mərkəzlərini, gölləri və digər yerləri nəzərdə tuturam.

Biz iqtisadi əməkdaşlıq, kənd təsərrüfatı, eləcə də kənd təsərrüfatı məhsullarının mübadiləsi haqqında danışdıq. Azərbaycanın Zirə kəndində yetişdirilmiş pomidor və xiyarı ilk dəfə dadanda və hətta bundan öncə Azərbaycanın xüsusi bölgəsi olan Naxçıvandan da məhsulların dadına baxanda onlar mənim çox xoşuma gəldi. Mən onları çox xoşlayıram və eşitmişəm ki, digər mənbələrdən daxil olan məhsulların qiyməti ilə müqayisədə, Azərbaycan xeyli endirimlə təchiz edir. Mənə maraqlıdır, xalqımıza həmin məhsulları bu qədər aşağı qiymətlə təqdim etmək mümkündürmü?! Əgər hökumətdə əyləşən şəxslər bu haqda düşünməyiblərsə, düşünsünlər. Mən sizə müraciət edərək deyirəm ki, vətəndaşlara azərbaycanlı dostlarımızdan daha münasib qiymətlə keyfiyyətli malların təchiz olması məsələsini həll etsinlər. Eyni zamanda, biz də öz mallarımızı beləcə təqdim etməliyik. Hələ ki, bu, baş vermir. Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik. Lakin bunu hələ etməmişik və diqqətlə yanaşmamışıq. Münasibət belədir. Vaxt keçir, biz isə heç nə haqqında düşünmürük.

Ən mühüm mövzulardan biri də o faktla bağlıdır ki, qarşımızda elektrik enerjisi dövrü başlayıb. Mən Prezident Əliyevdən xahiş etdim ki, bu layihədə bizə yardım göstərmək üçün şəxsən iştirak etsin. Belə olarsa, biz işləri daha sürətlə bitirə bilərik. Burada insanlar düşünə bilər ki, elektrik enerjisi hələ 20 il əvvəl də var idi. Amma həmin vaxtlar siz qablarda yanacaq alırdınız. O zaman 6 saat ərzində elektrik enerjisi verilirdi, sonrakı 6 saatda enerji məhdudiyyətlərlə verilirdi. Bugünkü vəziyyətə gəldikdə, ölkəmizdə heç zaman olmadığı nizam-intizam yaranıb. Lakin eyni vəziyyət sabah olmaya da bilər. Elektrik enerjisi dövrü başlayır və bizə elektrik enerjisinin çox sayda mənbələri lazımdır. Daha çox elektrik enerjisi istehsal etməliyik. Azərbaycanın giqavatlarla ölçülən elektrik enerjisi olacaq. Lakin məsələ belədir ki, onun idxalı üçün lazımi ötürücü xətlər olacaqmı?! Biz Azərbaycan tərəfi ilə mühüm məsələlər üzərində razılığa gəldik. Bu gün Serbiyanın qaz şirkəti və SOCAR bu mövzuda söhbət aparıblar və əməkdaşlıq sazişi imzalanıb. Çalışacağıq hər bir məsələni iki və ya üç ay ərzində həll edək ki, dərhal sonra layihə sənədləri hazırlansın və tikinti başlanılsın. Tikinti iki ildən artıq çəkəcək. İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq. Niş şəhərinin ətrafında üç yer seçilib. Söhbət təmiz enerjidən gedir. Avropa İttifaqı da bunu etiraf edir. Bir sözlə, tikintinin ya Tripale, Kruşti, ya da Nişka Banyada aparılması gözlənilir. Lakin düşünürəm ki, Kruşti ən münasibdir. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq. Prezident Əliyev mənə söz verdi ki, şəxsən həmin məsələ ilə məşğul olacaq. Bəlkə inanmayacaqsınız, lakin ikiillik müddətdə onlar 1890 meqavatlıq ümumi enerji istehsalı gücünü yarada biliblər.

Bəlkə də Azərbaycan xalqı bunu bilmir, həmin güclər mümkün qədər qısa müddətdə yaradılıb. Azərbaycan şirkətləri burada nəzarət işlərini həyata keçirəcək. Serbiya şirkətləri işlərə qoşulacaq. Hər iki tərəf 50 faizlə işləyəcək. Qazla işləyən 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək. Bu, yaxşı nümunə olacaq. Gələcəkdə biz daha çox qazla işləyən elektrik enerjisi stansiyalarını tikməliyik. Kiçik modul tipli reaktorlar quraşdırılacaqdır. Məlumat mərkəzləri olacaq və digər məsələlər həll ediləcək. Mən amerikalılarla müzakirəyə başlamışam və əgər onlar Monteneqronun Bar limanından başlayaraq, neft və qaz kəmərlərini çəksələr, məlumat mərkəzlərini tiksələr, Priyepoledən Zlatibor dağlarından keçərək Belqrada qədər bu işləri icra etsələr, yaxşı olar. Məlumat mərkəzləri yaradılmalıdır. Süni intellektin imkanlarından istifadə etməsək, biz bir ölkə olaraq geridə qalacağıq. İlon Mask deyir ki, iki aydan sonra hər şey kəskin dəyişəcək. Sadəcə insanlar bunu hələ görmür və bilmir. Bu səbəbdən, işlər sürətləndirilməlidir və biz azərbaycanlı dostlarımıza dəstəyə görə minnətdarıq.

Vaxtınızı çox aldıq. Biz hərbi-texniki əməkdaşlığı müzakirə etdik. Əməkdaşlıq yaxşı gedir. Xarici İşlər nazirliklərimiz səviyyəsində məsləhətləşmələr aparılır. Razılaşmalar və daimi dəstək göz qabağındadır. Hətta ən çətin məsələlərdə Serbiya Azərbaycanın tərəfində olub və onlar da bizə dəstək veriblər. Gələcəkdə də bu, belə olacaq. Biz çox ağır məsələləri həll etmişik. Biz Prezident Əliyevin sözlərinə tam inanırıq. Düşünürəm ki, o, həmçinin bizim ölkəyə eyni hisslərlə səmimi yanaşır. Biz bu münasibəti olduğu kimi davam etdirəcəyik. Bu gün və sabah əlavə müzakirələrimiz üçün imkan olacaq. Sabah işçi səhər yeməyimiz gözlənilir və çox məmnunam ki, dostum və Serbiyanın dostu Prezident Əliyevlə bu qədər vaxt keçirə bildik. Görürsünüz ki, bizim çeviklik məni hər zaman qane etmir. Biz daha ürəkdən çalışmalıyıq, hər şeyi sürətləndirməliyik. Əvvəlki dövrlə müqayisədə daha çox iş görə bilmişik və yaxşı nəticələr əldə etmişik. Mən Dövlətçilik Günü münasibətilə Serbiyanın hər bir vətəndaşını təbrik etmək istəyirəm. Bu gün Serbiya təqvimdəki ən vacib bayramlardan birini qeyd edir. Bu, bizim üçün böyük bayramdır. Sizin təbriklərə görə minnətdaram.

Hörmətli cənab Prezident, təşəkkür edirəm və səfərinizlə bizi şərəfləndirdiniz. İnanıram ki, birgə işimizlə Azərbaycan və Serbiya xalqlarının maraqları naminə ən yaxşı nəticələri əldə edəcəyik. Çox sağ olun. Yaşasın Serbiya-Azərbaycan dostluğu!

Hörmətli cənab Prezident, Sizə minnətdaram, evinizə xoş gəlmisiniz.

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident, əziz dostum.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu gün Sizin milli bayramınızdır, Dövlətçilik Bayramıdır. Buna baxmayaraq, Siz Azərbaycan nümayəndə heyətini qəbul edirsiniz. Biz bunu yüksək münasibətlərin təzahürü kimi qiymətləndiririk. Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır.

Fürsətdən istifadə edərək, bir daha Sizi və bütün dost Serbiya xalqını Dövlətçilik Günü münasibətilə təbrik etmək istəyirəm. Bu bayramın belə adlandırılması təsadüfi deyil. Çünki bilirəm ki, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Siz də əziz dostum, Serbiyanın Prezidenti kimi dövlətçiliyi, dövlət maraqlarını hər şeydən üstün tutursunuz. Məhz buna görə Sizin rəhbərliyinizlə Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Bunun nəticəsində bu gün Serbiya - təbii sərvətləri olmayan bir ölkə buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir. Burada mən Prezident Vuçiçin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək istərdim. Bildiyiniz kimi, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Bilirəm ki, Prezident Vuçiç Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına nə qədər bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik.

Əziz dostum bizim müzakirə etdiyimiz məsələlərə toxundu. Mən bunu təkrar etmək istəmirəm. Həqiqətən, bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Ondan əvvəl biz təkbətək görüşümüzdə məsələlərin geniş spektrinə toxunduq. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.

Prezident Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxundu. Prezident qeyd etdiyi kimi, biz qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.

Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində mən Prezident Vuçiçin xüsusi rolunu qeyd etmək istərdim.

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq.

Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır.

Digər məsələlərə gəldikdə, yenə də deyirəm, mənim dostum artıq bu barədə danışdı. Vaxtınızı çox almaq istəmirəm. Hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!

18:12

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir.

İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEOİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEOİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEOİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEOİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEOİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEOİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEOİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEOİlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO17:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Belqradda mətbuata bəyanatlarla çıxış edirlər.

Oxu.Az çıxışları təqdim edir:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 584   Tarix: 15 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı tələbə Türkiyədə qəzada öldü

Türkiyədə təhsil alan azərbaycanlı tələbə Rüstəmov Əli Rüfət oğlu dünyasını dəyişib. -a istinadən xəbər verir ki, gənc tələbə Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib

4 may
.

Apreldə 5 nəfər zəhərlənmədən ölüb

2026-cı ilin aprel ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Bu barədə "Qafqazinfo"ya xəstəxanadan məlumat verilib. Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirili

4 may
.

Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protoko

4 may
.

"Bakı Marafonu 2026" başladı - FOTO

"Bakı Marafonu 2026" başlayıb. xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan

3 may
.

Azərbaycanda istilik mövsümü uzadılır?

Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyəti

4 may
.

"Gold Residence"in rəhbəri qanunsuz olaraq sahibkarların obyektini sökdürübmüş - Hökm oxundu

"Gold Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru Cəmil Qasımov yarım milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edilir. Qaynarinfo-nun məlumatına görə, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Cəmil Qasımov barəsində Cinayət Məcəlləsini

5 may
.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi də yüksəkdir" - Orxan Məmmədov

"Azərbaycanın işğaldan azad edilmiş əraziləri böyük iqtisadi potensiala malikdir və aqrar sektorun inkişafı üçün yeni imkanlar açır". xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakı Eksp

5 may
.

"Dövlət başçısının da qeyd etdiyi kimi Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur" - DEPUTAT

"Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı bir daha ölkəmizin liderinin diplomatik gücünü sübut etdi". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, Ermənista

4 may
.

Afrika Biznes Şurasının prezidenti Dr. Amany Asfour Bakıya səfər edib - ilk dəfə keçirilən Africa Week tədbirində iştirak edir

Afrika Biznes Şurasının (Africa Business Council) prezidenti, tanınmış beynəlxalq iqtisadçı və sahibkar Dr. Amany Asfour Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər edib. Onun səfəri Bakıda ilk dəfə təşkil olunan "Africa Week" - Afrika Həftəsi beynəlxalq tədbirində iştirak məqsəd

3 may