"Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biri ŞƏT ilə tərəfdaşlığın genişlənməsidir" - AÇIQLAMA

"Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biri ŞƏT ilə tərəfdaşlığın genişlənməsidir" - AÇIQLAMABeynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı müasir dövrdə çoxqütblü dünya nizamına keçid və qlobal idarəetmə institutlarının rolu aparıcı diplomatik platformaların ana müzakirə mövzusuna çevrilib. Bu xüsusda, Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilmiş tərəfdaşlıq formatı olan "ŞƏT+" görüşləri qlobal dialoqa öz töhfəsini verir. Ölkəmizin həyata keçirdiyi uğurlu, müstəqil və balanslaşdırılmış xarici siyasət kursu dünyanın aparıcı beynəlxalq institutları ilə səmərəli əlaqələrin qurulmasına geniş imkanlar yaradır. Bu mənada, Avrasiya məkanının siyasi, təhlükəsizlik və iqtisadi arxitekturasında xüsusi çəkiyə malik olan Şanxay Əməkdaşlıq Təşkilatı ilə inkişaf edən əlaqələr ölkəmizin xarici siyasət prioritetlərində mühüm yer tutur.
Avropa ilə Asiyanın kəsişməsində yerləşən, Xəzər dənizinə çıxışı olan və müasir nəqliyyat infrastrukturu formalaşdıran ölkəmiz Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı qovşağı rolunu oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın müxtəlif güç mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmasına imkan yaradıb. Ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması isə bu uğurlu siyasətin mühüm nəticəsidir.
Son illərdə Asiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, energetika və logistika sahələrində əlaqələrini genişləndirən Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı mühüm beynəlxalq platformalardan birinə çevrilmişdir. 2026-cı ildə yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən regional təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi məqsədilə təsis edilib. Bu təşkilata 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus qoşulub. Beləliklə, tamhüquqlu üzvlərin sayı 10-a çatıb. ŞƏT 10 üzv dövlətlə yanaşı, 2 müşahidəçi və 15 dialoq tərəfdaşını bir araya gətirir. Təşkilat təxminən 36 milyon kvadratkilometr ərazini və 3,4 milyarddan çox əhalini əhatə edən nəhəng bir məkandır. Dünya Bankının 2025-ci il göstəricilərinə görə, üzv ölkələrin ümumi nominal ÜDM-i 27,4 trilyon dollar təşkil edir ki, bu da qlobal iqtisadiyyatın 23,1 faizinə bərabərdir. Zəngin enerji və xammal resurslarına, nəhəng istehlak bazarlarına və Avrasiyanın əsas quru nəqliyyat marşrutlarına malik olması platformanın iqtisadi və geosiyasi çəkisini daha da artırır.
Şanxay Əməkdaşlıq Təşkilatının əhatə etdiyi geniş coğrafiya həm dünyanın ən böyük enerji istehsalçılarını, həm də əsas enerji istehlakçılarını özündə birləşdirir. Günümüzdə enerji resurslarına sahib olmaq qədər, onların təhlükəsiz, sabit və şaxələndirilmiş marşrutlarla bazarlara çatdırılması da strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu müstəvidəki üstünlüyü məhz burada üzə çıxır. Ölkəmiz regionun en böyük enerji istehsalçısı olmasa da, enerjinin hasil edildiyi bölgələrlə istehlak bazarları arasında əvəzolunmaz bağlantı halqasıdır. Təxminən 3500 kilometr uzunluğunda olan "Cənub qaz dəhlizi" Azərbaycan qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edən mühüm sistemdir. 2025-ci ildə bu dəhliz vasitəsilə Avropa İttifaqı ölkələrinə 12,5 milyard kubmetr təbii qaz tədarük edilmişdir. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və hazırda inkişaf etdirilən Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın enerji və nəqliyyat infrastrukturu imkanlarını daha da genişləndirir. Eyni strateji məntiq nəqliyyat-logistika sahəsində də özünü göstərir. ŞƏT məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat marşrutlarının böyük hissəsini əhatə edir. Çin, Mərkəzi Asiya, Rusiya, İran, Hindistan və Xəzər hövzəsini Qərb bazarları ilə birləşdirən xəritədə Azərbaycan xüsusi geostrateji mövqeyə malikdir. Ölkəmiz eyni vaxtda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişmə nöqtəsində yerləşir.
Bakı-Tbilisi-Qars dəmir yolu, Orta dəhliz və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi regional bağlantıları təmin edən ana arteriyalardır. Bu zəncirdə mühüm halqa olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələ üzrə illik yükaşırma qabiliyyəti 15 milyon ton və 100 min TEU təşkil edir. Gələcəkdə bu göstəricinin 25 milyon ton və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur ki, bu da Azərbaycanın Avrasiyanın logistika xəritəsindəki aparıcı mövqeyini daha da möhkəmləndirəcəkdir.
Azərbaycanın müxtəlif geosiyasi məkanlarla paralel əməkdaşlıq siyasəti də ŞƏT-lə münasibətlərinin məzmununu genişləndirir. Avropa ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, Türk dünyası və İslam ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin müxtəlif regional platformalar arasında əlaqələndirici rolunu gücləndirir. Cənubi Qafqazda yeni sülh reallıqlarının formalaşması isə bu imkanlara nəqliyyat və iqtisadi bağlantılar baxımından əlavə məzmun qazandırır. Siyasi dialoqu iqtisadi əməkdaşlıq tamamlayır. 2025-ci ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 48,9 milyard dollar təşkil edib. Həmin il xarici ticarətdə Rusiya 10 faiz, Çin 9,9 faiz, Özbəkistan 1,6 faiz, Qazaxıstan 1,4 faiz, İran isə 1,3 faiz paya malik olub. Bu göstəricilər ŞƏT üzvlərinin Azərbaycan üçün artıq real və əhəmiyyətli iqtisadi tərəfdaşlara çevrildiyini göstərir. Əlaqələrin genişləndirilməsi üçün potensial yalnız ticarətlə məhdudlaşmır. ŞƏT məkanı Azərbaycan üçün nəqliyyat və logistika, investisiya, sənaye, energetika və qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından böyük imkanlar yaradır. Azərbaycanın Orta dəhlizdəki mövqeyi, Xəzər üzərindən nəqliyyat bağlantıları və Avropa bazarlarına çıxış imkanları ŞƏT ölkələrinin artan istehsal və ixrac potensialı ilə birləşdikdə yeni iqtisadi zəncirlərin formalaşmasına şərait yarada bilər. Cənubi Qafqazda sülhün möhkəmlənməsi isə Şərq-Qərb və Şimal-Cənub marşrutlarının daha səmərəli inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bu baxımdan Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı, Mərkəzi Asiya ölkələri ilə artan iqtisadi əməkdaşlıq və Çinlə strateji tərəfdaşlığın dərinləşməsi daha geniş regional bağlantının ayrı-ayrı elementləri kimi çıxış edir. Azərbaycan-ŞƏT əməkdaşlığının gələcəyinə yalnız təşkilatla münasibətlərin formal genişlənməsi prizmasından yanaşmaq kifayət deyil. Əsas məsələ Azərbaycanın ŞƏT məkanının yaratdığı geniş iqtisadi və geosiyasi imkanları öz nəqliyyat, enerji, investisiya və diplomatik potensialı ilə səmərəli şəkildə uzlaşdıra bilməsidir. ŞƏT-in gücü onun nəhəng coğrafiyasında, əhalisində, iqtisadi resurslarında və bazarlarındadır. Azərbaycanın üstünlüyü isə bu nəhəng məkanı Xəzər üzərindən Qərb istiqaməti ilə birləşdirən strateji coğrafi mövqeyindədir. Ölkəmizin əsas üstünlüyü ŞƏT ölkələri ilə miqyas baxımından rəqabət aparmaqda deyil, həmin məkanın yaratdığı iqtisadi potensialı real nəqliyyat, logistika, enerji və investisiya imkanlarına çevirməsindədir.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 243   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün formal üzvlük statusundan daha çox, Avrasiya məkanının iqtisadi, logistik və enerji xəritəsini formalaşdıran vacib strateji tərəfdaşdır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-d

1 sentyabr
.

İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü olub - FOTO - VİDEO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliy

1 sentyabr
.

Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü keçirilib. xəbər verir ki, bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir

31 avqust
.

Azərbaycan ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir - AÇIQLAMA

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) böyük potensialı var. Təşkilatın bütün üzv ölkələrini və ŞƏT+ formatını nəzərə alsaq, bu platforma dünya ÜDM-nin təxminən 25-26 faizini əhatə edir və burada 3 milyarddan artıq insan yaşayır. Faktiki olaraq, söhbət dünya geoiqtisadiyyatı və geosiyasəti baxımında

1 sentyabr
.

"Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır" - AÇIQLAMA

"Prezident İlham Əliyevin bu ilin iyul ayının sonunda Qırğızıstana dövlət səfəri, avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu səfərlər iki dost və qardaş ölk

1 sentyabr
.

"Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir" - AÇIQLAMA

Azərbaycan-ŞƏT əməkdaşlığını dəyərləndirərkən əsas diqqəti yalnız təşkilatın genişlənən coğrafiyasına və böyük iqtisadi potensialına deyil, bu məkanın Azərbaycan üçün yaratdığı strateji imkanlara yönəltmək lazımdır. Eyni zamanda, Azərbaycanın ŞƏT məkanı üçün hansı əlavə imkanlar yaratdığı məsələsi d

1 sentyabr
.

İlham Əliyev: "Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq"

"Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı səsləndirib. "Ermənistanla birlikdə qarşılıqlı ticarəti

1 sentyabr
.

İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş keçirib. AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirv

31 avqust
.

"Prezidentin Qırğızıstana növbəti səfəri Azərbaycanın Mərkəzi Asiyada nüfüzunun artmasını bir daha göstərdi" - AÇIQLAMA

"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son dövrdə baş verən dəyişikliklər artıq ayrı-ayrı ikitərəfli əlaqələrdən daha geniş siyasi və geoiqtisadi mənzərə formalaşdırır. Xüsusilə Azərbaycanın region dövlətləri ilə siyasi dialoqunun intensivləşməsi, Xəzərin iki sahili arasında nəqliyya

1 sentyabr