Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladıPrezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Sonxeber.az President.az-a istinadən müraciətin mətnini təqdim edir:

"Sizi "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.

Artıq bir neçə ildir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi Beynəlxalq Minatəmizləmə konfransları dövrümüzün ən ciddi humanitar, təhlükəsizlik və inkişafla bağlı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır.

Təəssüflər olsun ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkələrində insan həyatını və təhlükəsizliyini təhdid etməyə davam edir. Münaqişələr bitdikdən uzun müddət sonra partlayıcı sursatlar insanların həyatlarını itirməsinə, mülki şəxslərin yaralanmasına, infrastrukturun zədələnməsinə və yenidənqurma layihələrinin ləngiməsinə səbəb olmaqda davam edir. Bu baxımdan, humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənləri üçün vacib bir öhdəlikdir.

Münaqişədən sonra ərazilərdə şəhərlərin bərpası binaların, yolların və ictimai infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsizliyin və inamın bərqərar olmasını tələb edir. Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula, heç bir məktəb və ya xəstəxana təhlükəsiz fəaliyyət göstərə, heç bir ailə öz yurduna ləyaqətlə geri qayıda və heç bir iqtisadi fəaliyyət davamlı inkişaf edə bilməz. Buna görə də humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır.

Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib. Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır.

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib.

Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir.

Humanitar minatəmizləmə Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.

Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir.

Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş milli prioritetlərlə birbaşa bağlıdır. Bu fəaliyyət yenidənqurmanı, təhlükəsiz qayıdışı, kənd təsərrüfatının dirçəldilməsini, infrastrukturun inkişafını, ətraf mühitin qorunmasını, sosial reinteqrasiyanı və iqtisadi bərpanı dəstəkləyir. Bu, həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in, xüsusilə də azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı prioritetin həyata keçirilməsinə töhfə verir.

İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur. Bu siyasətin praktik nəticələri artıq göz qabağındadır. Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb. Ümumilikdə, hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib.

Azərbaycan minatəmizləmə, şəhərsalma, infrastrukturun inkişafı, ətraf mühitin bərpası, rəqəmsal həllər, sosial xidmətlər, dövlət idarəçiliyi və keçmiş məcburi köçkünlərin geri qayıtmasını vahid əlaqələndirilmiş çərçivədə birləşdirən münaqişədən sonrakı yenidənqurma, bərpa və idarəetmənin qabaqcıl modellərini işləyib hazırlayır və tətbiq edir. İşğal zamanı dağıdılmış və əhalisi boşalmış ərazilər qısa müddət ərzində yaşayış, iş, təhsil və imkanlar təqdim edən yerlərə çevrilir.

Bir çox çağırışlar qalsa da, indiyədək əldə edilən nəticələr Azərbaycanın inteqrasiya olunmuş yanaşmasının səmərəliyini nümayiş etdirir. Biz bu təcrübəni münaqişənin bənzər fəsadları ilə üzləşən ölkələr və regionlarla bölüşməyə hazırıq. Çünki inanırıq ki, minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb edə bilər.

Azərbaycan, həmçinin beynəlxalq səviyyədə minatəmizləmə fəaliyyətinin təşviqi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Təhlükəsiz və dayanıqlı məskunlaşmanın və minatəmizləmənin əhəmiyyəti Azərbaycanın Bakıda uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı qlobal müzakirələrin mərkəzində olub.

Bununla yanaşı, ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib və bu məsələnin qlobal prioritet kimi tanınması üçün fəaliyyətini davam edir.

Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir.

Əminəm ki, bu Konfrans açıq dialoq, təcrübə mübadiləsi və praktiki əməkdaşlığın inkişafı üçün dəyərli platforma rolunu oynayacaq. Bakıda aparılan müzakirələr beynəlxalq minatəmizləmə standartlarının gücləndirilməsinə, innovasiyanın təşviqinə, təhlükəsiz şəhərlərin bərpasının dəstəklənməsi, təhlükəsiz, dayanıqlı və davamlı icmaların qurulması kimi ümumi məqsədimizə nail olunmasına töhfə verəcək.

Bütün iştirakçılara ən xoş arzularımı çatdırır və Konfransın işinə uğurlar arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 132   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir stəkan "İstisu"nun diplomatiyası - KÖŞƏ YAZISI

Bəzən diplomatiyanın ən təsirli cümlələri rəsmi bəyanatlarda səslənmir. Bəzən bir stəkan su, bir təbəssüm, bir səmimi jest dövlətlər arasında uzun-uzadı danışıqlardan daha çox söz deyir. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında yaşanan həmin qısa, amma mənas

1 sentyabr
.

Azərbaycan Prezidenti: "Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"

"Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı bildirib. Dövlətimizin başçısı qey

1 sentyabr
.

"Bişkek sammiti: Azərbaycanın fəal diplomatiyasının növbəti ünvanı" - DEPUTAT

"İlham Əliyevin ŞƏT Zirvə toplantısında iştirakı ölkəmiz üçün yeni siyasi və iqtisadi imkanlar yaradır. Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun daha bir göstəricis

2 sentyabr
.

"Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır" - AÇIQLAMA

"Prezident İlham Əliyevin bu ilin iyul ayının sonunda Qırğızıstana dövlət səfəri, avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu səfərlər iki dost və qardaş ölk

1 sentyabr
.

İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. -a istinadən xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib. Azərbaycanl

2 sentyabr
.

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. "Qafqazinfo"nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməs

2 sentyabr
.

İlham Əliyevdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla İdarə Heyətinin vəzifələri artırılıb. Belə ki, bundan sonra İdarə Heyəti artıq İdarənin işçilərinə əlav

2 sentyabr
.

"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib

Torpaq və Mülki məcəllələrdə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsind

2 sentyabr
.

"Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzu, siyasi iradəsi, uzaqgörənliyi və strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə orta güc dövlət kimi mövqeyinin möhkəmlənməsini təmin edir. Prezident İlham Əliyevin müstəqil, ardıcıl və prinsipial siyasəti nəticəsind

1 sentyabr