Suverenliyin bərpasından yeni dövlətçilik mərhələsinə: Azərbaycan qarşısında tarixi məsuliyyət

Suverenliyin bərpasından yeni dövlətçilik mərhələsinə: Azərbaycan qarşısında tarixi məsuliyyətDövlət Suverenliyi Günü Azərbaycan tarixinin yalnız müəyyən bir hadisəsini xatırladan təqvim günü deyil. Bu tarix dövlətçilik anlayışının mahiyyətini, müstəqilliyin hansı mərhələlərdən keçərək möhkəmləndiyini və Azərbaycanın qarşısında dayanan yeni strateji vəzifələri dərk etmək baxımından mühüm siyasi məna daşıyır. Çünki dövlətin suverenliyi xəritədə sərhədlərin mövcudluğundan daha böyük anlayışdır. Suverenlik dövlətin öz ərazisi, siyasi qərarları, təhlükəsizlik sistemi, iqtisadi siyasəti və beynəlxalq münasibətləri üzərində müstəqil iradəyə malik olması deməkdir.
Azərbaycanın müasir tarixində bu anlayışın xüsusi çəkisi var.

Müstəqilliyin bərpasından sonra ölkənin qarşısında duran ən ağır məsələlərdən biri ərazi bütövlüyünün və bütün ərazi üzərində konstitusion hakimiyyətin təmin edilməsi idi. Uzun illər davam edən işğal Azərbaycanın inkişafını məhdudlaşdırmaqla yanaşı, yüz minlərlə insanın öz doğma yurdlarından didərgin düşməsinə, böyük maddi və mənəvi itkilərə səbəb olmuşdu. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpası təkcə hərbi-siyasi məsələ deyil, həm də dövlət suverenliyinin təmin olunması məsələsi idi.

2020-ci il Vətən müharibəsi bu tarixi prosesdə dönüş nöqtəsi yaratdı. Azərbaycanın hərbi-siyasi imkanlarının nümayiş etdirilməsi nəticəsində ərazilərin böyük hissəsinin işğaldan azad olunması regionda əvvəlki status-kvonu dəyişdirdi. Lakin həmin mərhələ son məqsəd deyil, daha böyük prosesin başlanğıcı idi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi isə dövlətçilik tarixində yeni mərhələ formalaşdırdı.

Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, artıq Azərbaycanın gündəliyində ərazilərin azad edilməsi ilə yanaşı, həmin ərazilərin ölkənin vahid siyasi, hüquqi, sosial və iqtisadi məkanına tam inteqrasiyası dayanır. Başqa sözlə, müharibədən sonrakı dövrün əsas sualı "ərazilər necə azad edildi?" deyil, "suverenliyin nəticələri necə davamlı inkişaf modelinə çevriləcək?" sualıdır.

Məhz burada dövlət suverenliyinin hərbi anlayışdan daha geniş məna daşıdığı ortaya çıxır. Ərazi üzərində nəzarətin təmin edilməsi suverenliyin ilkin şərtidir. Onun uzunmüddətli və dayanıqlı olması üçün həmin ərazilərdə dövlət idarəçiliyi, hüquq sistemi, sosial xidmətlər, iqtisadi fəaliyyət, təhlükəsizlik və normal yaşayış mühiti tam şəkildə formalaşdırılmalıdır.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinə də bu prizmadan yanaşmaq lazımdır. Burada infrastrukturun yaradılması sadəcə tikinti layihəsi deyil. Yeni yolların, hava limanlarının, enerji xətlərinin, yaşayış məntəqələrinin, məktəblərin və xəstəxanaların inşası dövlətin həmin ərazilərdə uzunmüddətli inkişaf strategiyasının formalaşmasının göstəricisidir.

Böyük Qayıdış isə bu strategiyanın ən mühüm sosial komponentidir. Çünki torpaqların azad olunmasının ən böyük mənası həmin torpaqlarda həyatın yenidən bərpa edilməsidir. İnsanların doğma yurdlarına qayıtması, burada təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması dövlət suverenliyinin sosial məzmununu ortaya qoyur. Dövlətin ərazi üzərində hakimiyyəti insan amili ilə tamamlanmadıqda suverenliyin tam potensialından danışmaq mümkün deyil.
Bu proses eyni zamanda Azərbaycanın iqtisadi xəritəsini dəyişmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması yalnız keçmişin bərpası deyil, gələcəyin iqtisadi modelinin yaradılmasıdır. Regionun kənd təsərrüfatı, turizm, sənaye, enerji və logistika imkanlarının dövriyyəyə cəlb edilməsi ölkənin iqtisadi potensialını genişləndirə bilər. Bu baxımdan azad edilmiş ərazilər Azərbaycanın yeni iqtisadi inkişaf məkanlarından birinə çevrilmək potensialına malikdir.

Lakin burada əsas məsələ yalnız investisiya qoyuluşu deyil. Əsas məsələ həmin investisiyaların uzunmüddətli iqtisadi dəyərə çevrilməsidir. Yeni yaradılan infrastrukturun səmərəli istifadəsi, sahibkarlığın inkişafı, məşğulluğun artırılması, yerli iqtisadi təşəbbüslərin stimullaşdırılması və əhalinin dayanıqlı gəlir imkanlarının formalaşdırılması növbəti mərhələnin əsas vəzifələrindəndir.

Suverenliyin iqtisadi tərəfi bununla məhdudlaşmır. Güclü iqtisadiyyat dövlətin xarici təsirlər qarşısında dayanıqlığını artıran fundamental amildir. İqtisadi müstəqillik olmadan siyasi müstəqilliyin qorunması çətinləşir. Bu səbəbdən Azərbaycanın qeyri-neft sektorunun inkişafı, enerji siyasətinin şaxələndirilməsi, nəqliyyat və logistika imkanlarının artırılması və yeni iqtisadi tərəfdaşlıqların qurulması dövlət suverenliyinin uzunmüddətli təminatlarından biri kimi qiymətləndirilə bilər.

Digər mühüm məsələ milli təhlükəsizlikdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası təhlükəsizlik gündəliyini aradan qaldırmayıb, əksinə, yeni reallıqlar fonunda təhlükəsizlik siyasətinin əhəmiyyətini daha da artırıb. Müasir dövlət üçün güclü ordu qədər sərhəd təhlükəsizliyi, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi təhlükəsizlik də strateji əhəmiyyət daşıyır.

Bugünkü dünyada suverenliyə təhdidlər artıq yalnız hərbi müdaxilə formasında meydana çıxmır. İnformasiya müharibələri, dezinformasiya, kiberhücumlar, iqtisadi təzyiq mexanizmləri və ölkənin beynəlxalq imicinə yönəlmiş kampaniyalar da dövlətlərin dayanıqlılığına təsir göstərə bilir. Buna görə müasir suverenlik anlayışı dövlətin bütün strateji sahələrdə müqavimət və özünüqoruma qabiliyyətini nəzərdə tutur.

Azərbaycanın xarici siyasəti də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Suveren dövlət öz milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirərək müxtəlif güc mərkəzləri ilə balanslı və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq imkanına malik olmalıdır. Azərbaycanın regional və beynəlxalq platformalarda fəallığının artması, enerji və nəqliyyat layihələrində iştirakı, müxtəlif dövlətlərlə strateji tərəfdaşlıqlar qurması ölkənin geosiyasi imkanlarını genişləndirən amillərdəndir.

Ərazi bütövlüyünün bərpasından sonra Azərbaycanın qarşısında duran daha bir böyük vəzifə regionda davamlı sülhün və yeni əməkdaşlıq modelinin formalaşdırılmasıdır. Çünki hərbi nəticənin siyasi nəticəyə, siyasi nəticənin isə davamlı sülh və iqtisadi əməkdaşlığa çevrilməsi uzunmüddətli perspektivdə daha böyük strateji əhəmiyyət daşıyır. Azərbaycan üçün əsas məsələ əldə edilmiş nəticələrin geri dönməz xarakter almasını təmin edən regional təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin möhkəmləndirilməsidir.

Bu baxımdan nəqliyyat-kommunikasiya layihələri də xüsusi önəm qazanır. Azərbaycan coğrafi mövqeyindən istifadə etməklə Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı mərkəzlərindən birinə çevrilmək imkanına malikdir. Bu potensialdan səmərəli istifadə ölkənin yalnız iqtisadi gəlirlərini artırmaya, həm də regional geosiyasi əhəmiyyətini daha da yüksəldə bilər.

Dövlət Suverenliyi Gününün başqa bir mühüm mesajı isə dövlət və cəmiyyət münasibətləri ilə bağlıdır. Suveren dövlətin gücü yalnız siyasi hakimiyyətin imkanları ilə ölçülmür. Dövlət institutlarının səmərəliliyi, qanunun aliliyi, ictimai sabitlik, vətəndaş məsuliyyəti və milli həmrəylik də bu gücün əsas göstəriciləridir. Suverenliyin qorunması cəmiyyətin bütün təbəqələrinin ümumi dövlətçilik məsuliyyətini dərk etməsindən keçir.

Bu mənada gənc nəslin dövlətçilik düşüncəsinin formalaşdırılması strateji məsələdir. Azərbaycanın müstəqillik tarixinin, milli mübarizəsinin və ərazi bütövlüyünün bərpasının gələcək nəsillərə düzgün çatdırılması yalnız tarixi yaddaş baxımından deyil, milli təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Tarixi yaddaşını qoruyan cəmiyyət dövlətçilik dəyərlərinə daha möhkəm bağlanır.

Dövlət Suverenliyi Günü həm də şəhidlərin xatirəsi qarşısında məsuliyyət hissini gücləndirən bir tarixdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası böyük insan itkiləri hesabına əldə edilib. Bu səbəbdən bugünkü quruculuq və inkişaf yalnız iqtisadi layihələr kimi deyil, həm də Vətən uğrunda həyatını itirən insanların ideallarının davamı kimi qəbul edilməlidir.

Azərbaycan artıq başqa bir tarixi mərhələyə daxil olub. Müharibə və işğal dövrünün əsas sualları arxada qalır, qarşıda isə sülh, inkişaf, reinteqrasiya, iqtisadi modernləşmə və regional liderliyin möhkəmləndirilməsi kimi məsələlər dayanır. Bu mərhələdə dövlətin gücü yalnız keçmiş qələbələrlə deyil, həmin qələbələrin yaratdığı imkanlardan nə dərəcədə səmərəli istifadə etməsi ilə ölçüləcək.

Ona görə də Dövlət Suverenliyi Gününü yalnız qələbənin qeyd olunması kimi təqdim etmək kifayət deyil. Bu tarix həm də dövlətçilik qarşısında yeni məsuliyyətlərin başlanğıcıdır. Suverenliyi əldə etmək tarixi nailiyyətdirsə, onu davamlı, təhlükəsiz, iqtisadi baxımdan güclü və sosial baxımdan dayanıqlı dövlət modelinə çevirmək gələcək nəsillərin qarşısında duran əsas vəzifədir.

Azərbaycanın qarşısında indi daha mürəkkəb, lakin daha geniş imkanlar açan bir mərhələ dayanır. Ərazi bütövlüyünün təmin olunması ölkənin siyasi xəritəsini tamamlayıbsa, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, iqtisadi imkanların genişləndirilməsi, sülh və regional əməkdaşlığın möhkəmləndirilməsi Azərbaycanın yeni inkişaf xəritəsini formalaşdıracaq.

Dövlət Suverenliyi Gününün əsas siyasi mesajı da məhz budur: Azərbaycan artıq yalnız öz ərazi bütövlüyünü bərpa edən dövlət deyil, əldə etdiyi tarixi nəticələri uzunmüddətli dövlətçilik strategiyasına çevirmək mərhələsində olan ölkədir. Bu mərhələnin uğuru isə güclü institutlardan, milli birlikdən, iqtisadi dayanıqlıqdan, təhlükəsizliyə davamlı yanaşmadan və müstəqil dövlətçilik iradəsindən asılı olacaq.

Suverenlik Azərbaycanın bu gününün təminatı olmaqla yanaşı, sabahının da əsas dayağıdır. Onun qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Çünki güclü dövlətin ən böyük təminatı yalnız onun sərhədləri deyil, həmin sərhədlərin daxilində yaşayan insanların dövlətçilik ideyasına bağlılığı, milli həmrəyliyi və gələcəyə insanıdır.

David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 369   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr