Bu iki gündəlik vərdiş qocalmanı yavaşlada bilər
İki əsas gündəlik vərdiş - düzgün qidalanma və fiziki aktivlik - orqanizmin qocalma sürətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşrində elmi magistr, qeydiyyatdan keçmiş dietoloq Ceyn Leveriç məqaləsində yazıb.
Onun sözlərinə görə, əlavələr, kosmetik vasitələr və sosial şəbəkələrdəki gurultulu vədlər dünyasında bu vacib amillər çox vaxt diqqətdən kənarda qalır. Halbuki onlar insanın həm gündəlik özünü hiss etməsinə, həm də uzunmüddətli qocalma prosesinə daha böyük təsir göstərə bilər.
"Adətən qocalma zahiri dəyişikliklərlə - qırışlar və saçların ağarması ilə əlaqələndirilir. Lakin bu proses daha dərindir. Bioloji qocalma hüceyrə səviyyəsində baş verən və orqanizmin funksiyalarına təsir edən dəyişikliklərdir. Buna genetik amillər, ətraf mühit və həyat tərzi təsir edir. Bu amillərin bir qismini dəyişmək mümkün olmasa da, qidalanma və fiziki aktivlik tamamilə bizim nəzarətimizdədir", deyə müəllif qeyd edib.
Qidalanma və hərəkət uzun illərdir sağlam qocalma baxımından araşdırılır. Leveriç bildirib ki, müntəzəm fiziki aktivlik xroniki iltihab və hüceyrə yorğunluğu kimi qocalmanın əsas əlamətlərinə qarşı mübarizədə kömək edir. Eyni zamanda qida baxımından zəngin rasion uzunmüddətli sağlamlığa və qocalma prosesinə daha müsbət təsir göstərir.
Qidalanma və fiziki aktivliyin sağlam qocalma ilə əlaqəsini öyrənmək üçün alimlər uzunmüddətli "Young Finns Study" layihəsinin məlumatlarından istifadə ediblər. Bu araşdırmada iştirakçılar uşaqlıqdan yetkinliyə qədər izlənilib və ürək-damar riskləri də qiymətləndirilib. 4000-dən çox iştirakçıdan bu analizə 1039 nəfər daxil edilib və onlar 7 il ərzində müşahidə olunub.
Alimlər əvvəlcə "epigenetik saatlar" adlanan metodla iştirakçıların bioloji yaşını müəyyən ediblər. Bu göstərici DNT-dəki dəyişikliklərə əsaslanır. Bunun üçün 2011 və 2018-ci illərdə götürülmüş qan nümunələrindən istifadə olunub.
Daha sonra qidalanma keyfiyyəti 5 fərqli indeks vasitəsilə qiymətləndirilib: Aralıq dənizi pəhrizi indeksi (meyvə, tərəvəz, qoz-fındıq, taxıl, paxlalılar və yağların istehlakı), Findiet Index (Finlandiya qidalanma tövsiyələri), Alternative Healthy Eating Index (ABŞ tövsiyələrinə uyğun), Dietscore (ümumi sağlam qidalanma prinsipləri), Baltic Sea Diet Index (Şimali Avropa qidalanma modeli).
Fiziki aktivlik isə iştirakçıların öz qiymətləndirmələri əsasında - məşqlərin tezliyi, intensivliyi və müddəti nəzərə alınmaqla müəyyən edilib.
Nəticələr göstərib ki, daha keyfiyyətli qidalanma sağlam qocalma ilə əlaqəlidir. Daha yaxşı rasiona sahib olan iştirakçılar epigenetik baxımdan daha yavaş qocalır və bioloji olaraq yaşlarından daha gənc görünürdülər.
Xüsusilə maraqlı nəticə qidalanma və fiziki aktivliyin birlikdə təsiri ilə bağlı olub. Az hərəkətli insanlarda sağlam qidalanma qocalmanı daha aydın şəkildə yavaşladıb. Daha aktiv insanlarda isə qidalanma keyfiyyətindən asılı olmayaraq daha yaxşı göstəricilər müşahidə olunub.
"Bu onu göstərir ki, hər iki vərdiş vacibdir: yaxşı qidalanma hərəkətsiz həyat tərzini qismən kompensasiya edə bilər, fiziki aktivlik isə ideal olmayan rasionun təsirini azalda bilər", deyə Leveriç bildirib.
Alimlər həmçinin qeyd ediblər ki, bütün qidalanma modellərinin ortaq cəhəti var: daha çox tərəvəz, meyvə və tam taxıllar, daha az qırmızı ət və doymuş yağlar. Bu isə konkret pəhrizdən çox ümumi sağlam qidalanma prinsipinin vacibliyini göstərir.
Eyni zamanda həyat tərzi ilə qocalma arasındakı əlaqə orta səviyyədə olub ki, bu da qocalmanın yalnız qida və hərəkətdən asılı olmadığını təsdiqləyir.
Mütəxəssislərin fikrincə, sağlam qocalmaq istəyənlər üçün əsas nəticə budur ki, radikal dəyişikliklərə və "ideal" pəhrizə ehtiyac yoxdur.
Araşdırma göstərib ki, sağlam qidalanma xüsusilə az hərəkətli insanlar üçün vacibdir və oturaq həyat tərzinin təsirini qismən azalda bilər. Eyni zamanda müntəzəm fiziki aktivlik rasiondan asılı olmayaraq güclü təsir göstərir.
Diyetoloq Ceyn Leveriç gündəlik həyatda tətbiq üçün sadə tövsiyələr də verib:
* rasionu daha müxtəlif və balanslı edin (tərəvəz, meyvə və tam taxılları artırın);
* müntəzəm hərəkət edin - həftədə ən az 150 dəqiqə (gəzinti, velosiped, rəqs və s.);
* yuxu və stresin idarə edilməsini də unutmayın.
Nəticə olaraq, sağlam qocalma mükəmməllik deyil, davamlı sağlam vərdişlərin formalaşdırılmasıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
"Sevgi təkbaşına kifayət etmir"
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı