Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstərilə bilər. Qızların əvvəllər daha az üstünlük verdiyi peşə istiqamətlərinə yönəlməsi isə əmək bazarında qadınların təmsil olunduğu sahələrin genişlənməsi baxımından diqqət çəkir.
Bəs, son dövrlərdə qızların peşə təhsilinə marağının artmasının əsas səbəbləri nələrdir və onların ənənəvi olaraq daha az üstünlük verdiyi peşə sahələrinə yönəlməsi gələcək məşğulluq imkanları və əmək bazarının tələbatı baxımından hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Çingiz Səfərli bildirib ki, gələcək əmək bazarının tələblərinə nəzər saldıqda peşə təhsilinin əhəmiyyətinin daha da artacağını söyləmək mümkündür.
"Hesab edirəm ki, qarşıdakı illərdə əmək bazarının ehtiyac duyduğu ixtisaslı kadrların böyük bir hissəsinin hazırlanmasında məhz peşə təhsili müəssisələri mühüm rol oynayacaq. Texnoloji yeniliklərin sürətlənməsi, istehsal proseslərinin müasirləşməsi və yeni iqtisadi fəaliyyət sahələrinin yaranması nəzəri biliklə yanaşı, konkret peşə bacarıqlarına malik mütəxəssislərə tələbatı artırır. Azərbaycanda da son illərdə bu istiqamətdə ciddi dəyişikliklər müşahidə olunur. Vaxtilə bir çox ailənin övladı üçün alternativ və ya ikinci seçim hesab etdiyi peşə təhsili tədricən bu yanaşmadan uzaqlaşır. Yeni peşə təhsili müəssisələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və tədrisin əmək bazarının ehtiyaclarına uyğunlaşdırılması bu sahəyə münasibətin dəyişməsinə imkan yaradır".
Ekspert bildirib ki, peşə təhsilinin inkişafı dövlət siyasətində də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib:
""Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda bu sahənin inkişafına xüsusi yer ayrılması, eləcə də Prezidentin 5 dekabr 2025-ci il tarixli "Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı qarşıdakı dövrdə peşə təhsilinin əhatə dairəsinin və imkanlarının genişləndirilməsini nəzərdə tutur. Sərəncama əsasən, 2026-2030-cu illər ərzində müasir tələblərə uyğun 21 peşə təhsili müəssisəsinin tikilməsi, daha 2 müəssisənin isə əsaslı təmir olunması planlaşdırılır. Bu, təkcə təhsil infrastrukturunun genişləndirilməsi demək deyil. Əslində, peşə təhsilinə ayrılan vəsait birbaşa əmək bazarının gələcək ehtiyaclarına və ixtisaslı insan kapitalının formalaşdırılmasına yatırılan sərmayə kimi qiymətləndirilməlidir. Gələcəkdə xüsusilə texnologiya və sənaye ilə bağlı peşələrə ehtiyacın daha sürətlə artacağını düşünürəm. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik, proqram təminatı, sənaye avtomatlaşdırılması, robototexnika, elektrik və elektronika istiqamətlərində praktiki bacarıqlara malik mütəxəssislər əmək bazarında daha çox tələb oluna bilər. Enerji sektorunda baş verən dəyişikliklər də yeni peşələr üçün imkanlar yaradır. Günəş və külək enerjisi sistemlərinin quraşdırılması, istismarı və texniki xidməti üzrə mütəxəssislərə ehtiyacın artması bunun nümunələrindən biridir".
Onun sözlərinə görə, oxşar proses kənd təsərrüfatında da müşahidə olunur:
"Aqrar sahə artıq yalnız ənənəvi təsərrüfat modeli ilə məhdudlaşmır, burada texnologiyanın payı getdikcə artır. Müasir aqrotexnologiyalardan istifadə edə bilən mütəxəssislər, kənd təsərrüfatı texnikalarının operatorları, suvarma sistemləri üzrə texniklər, baytarlıq və qida emalı sahəsində çalışan peşəkarlar daha çox tələb oluna bilər. Bununla yanaşı, tikinti, logistika, nəqliyyat, elektrik, mexanika, qaynaq, sənaye avadanlıqlarının istismarı, xidmət və turizm kimi sahələrdə də ixtisaslı işçi qüvvəsinə ehtiyac davam edəcək. Burada valideynlərin və gənclərin peşə təhsilinə münasibətinin dəyişməsi də vacibdir. Peşə təhsilinə illər əvvəl formalaşmış stereotiplər əsasında yanaşmaq artıq əmək bazarındakı reallıqlarla uyğun gəlmir. Valideyn üçün əsas məsələ övladının hansı pillə üzrə təhsil alması deyil, gələcəkdə hansı işi peşəkar səviyyədə görə bilməsi olmalıdır. Çünki müasir əmək bazarında diplomla yanaşı, konkret bacarıq, səriştə və praktiki təcrübə getdikcə daha böyük əhəmiyyət daşıyır. Ali təhsil diplomunun olması özlüyündə əmək bazarında uğura təminat vermir. Konkret sahədə bacarığı və praktiki hazırlığı olmayan ali təhsilli şəxslə müqayisədə, öz peşəsini yaxşı bilən və işi sərbəst şəkildə yerinə yetirə bilən peşə təhsilli mütəxəssis işəgötürən üçün daha cəlbedici ola bilər. Çünki işə qəbul zamanı əsas meyarlardan biri insanın hansı diploma sahib olmasından çox, həmin işi nə dərəcədə keyfiyyətlə yerinə yetirə bilməsidir".
Ekspert qeyd edib ki, bu səbəbdən gənclərin təhsil müddətində real iş bacarıqları qazanması, istehsalat mühitini tanıması və praktiki təcrübə əldə etməsi xüsusi əhəmiyyət daşıyır:
"Təhsil ilə əmək bazarı arasında əlaqə nə qədər güclü olarsa, məzunların məşğulluq imkanları da bir o qədər genişlənər. Gələcəyin əmək bazarında üstünlük yalnız çox bilənlərə deyil, bildiyini praktikada tətbiq edə bilənlərə məxsus olacaq. Texnoloji dəyişikliklərə uyğunlaşan, yeni bacarıqlar əldə etməyə açıq olan və ömürboyu öyrənməyi davam etdirən mütəxəssislər daha rəqabətədavamlı olacaqlar. Bu baxımdan peşə təhsilinin inkişafı yalnız təhsil məsələsi deyil, həm də məşğulluğun artırılması, iqtisadiyyatın ixtisaslı kadrlarla təmin edilməsi və ölkənin insan kapitalının gücləndirilməsi məsələsidir. Peşə təhsilində qızların iştirakının və seçim imkanlarının genişlənməsi xüsusilə vacibdir. Ənənəvi olaraq qızlar daha çox aşpazlıq, dərzilik, müəyyən xidmət sahələrinə üstünlük verirlər. Bu peşələr əmək bazarında öz aktuallığını qoruyur, amma seçim yalnız onlarla məhdudlaşmamalıdır. Peşənin "qadın" və ya "kişi" peşəsi kimi qəbul edilməsi artıq müasir əmək bazarının reallıqlarına uyğun gəlmir. Texnologiya bu sərhədləri sürətlə aradan qaldırır. Bu gün qızlar proqramlaşdırma, kibertəhlükəsizlik, elektronika, robototexnika, sənaye avtomatlaşdırılması və yaşıl enerji kimi perspektivli istiqamətlərdə də uğurlu mütəxəssis ola bilərlər. Əsas meyar cins deyil, gəncin marağı, bacarığı və seçdiyi peşənin gələcək perspektivi olmalıdır. Bu baxımdan ailələrin yanaşması da dəyişməlidir. Qız övladına "sənə hansı peşə yaraşır?" deyil, "sən hansı işi yaxşı bacara və bu sahədə uğur qazana bilərsən?" sualı verilməlidir. Qızların peşə seçimində sərbəstliyinin artması həm onların iqtisadi müstəqilliyini, həm də əmək bazarının ixtisaslı kadr potensialını gücləndirə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Azərbaycanda qızıl kəskin bahalaşdı
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Bakıda tanınmış restoranda biabırçılıq
Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO
"Kadir" "Eşref"i tək qoymayacaq
"WhatsApp"da yeni funksiya
Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB