Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir
"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir".
Sonxeber.az xəbər verir ki, bunu Gəncədə keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumundakı çıxışında QHT Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Rizvan Nəbiyev deyib.
Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir:
"Dünya Bankının məlumatlarına görə, Azərbaycanın ümumi daxili məhsulu 1994-cü ildə təxminən 1,19 milyard ABŞ dolları olduğu halda, 2020-ci ildə 42,69 milyard dollara çatıb. SIPRI məlumatlarına əsasən, həmin dövrdə hərbi xərclər təxminən 44 milyon dollardan 2,24 milyard dollara yüksəlib. Cari dollar ifadəsində müvafiq olaraq təxminən 36 və 51 dəfə artımı göstərən bu rəqəmlər dövlətin maliyyə imkanlarının genişlənməsini əks etdirir.
Amerikalı hərbi ekspertlər Liam Collins və John Spencerin "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" - "The War for Karabakh: Strategy, Technology, and Victory" kitabında da müəlliflər uzunmüddətli strateji hazırlığı, iqtisadi inkişafı, hərbi institutların gücləndirilməsini və Prezidentnə İlham Əliyevin Strateji rəhbərliyini önə çəkirlər.
2023-cü ildə suverenliyimizin bütün ölkə ərazisində tam bərpası bu tarixi nailiyyəti tamamladı. Bu gün əsas vəzifəmiz Zəfərin nəticələrini möhkəmləndirmək, Böyük Qayıdışı davam etdirmək, şəhid ailələrinə və qazilərə qayğı göstərmək, milli yaddaşı gələcək nəsillərə ötürməkdir.
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında Azərbaycanın uğurlu inkişafının əsas səbəblərindən biri kimi cəmiyyətdəki ahəngdarlığı vurğuladı. Dövlət başçısı müxtəlif etnik və dini qrupların Azərbaycançılıq ideyası ətrafında birləşərək Vətən müharibəsində "Dəmir yumruq" kimi mübarizə apardığını qeyd etdi. Bu fikirlərin mühüm mənası ondan ibarətdir ki, ictimai harmoniya Qələbəmizi mümkün edən milli gücün əsas qaynaqlarındandır. Ortaq Vətənə bağlılıq, qarşılıqlı hörmət və bərabərhüquqlu birgəyaşayış müxtəlifliyi həmrəyliyə çevirir. Azərbaycançılıq məhz bu birliyin ideoloji əsasını təşkil edir, fərqli mənsubiyyətləri ümumi dövlətçilik məqsədi ətrafında birləşdirir".
Rizvan Nəbiyev vurğulayıb ki, Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu vətəndaş cəmiyyətinin həmin birliyin qorunmasındakı məsuliyyətini önə çıxarır:
"Prezidentin ideoloji risklərin fiziki risklər qədər təhlükəli olması barədə xəbərdarlığı da milli kimliyin, dövlətçilik dəyərlərinin və həyat tərzimizin qorunmasının əhəmiyyətini göstərir. Bu baxımdan ideoloji təhlükəsizlik məlumatlı, tarixini bilən, tənqidi düşünən və manipulyasiyaları ayırd edə bilən vətəndaşların yetişdirilməsini tələb edir. QHT-lərin maarifləndirmə, açıq ictimai dialoq və media savadlılığı sahəsində fəaliyyəti cəmiyyətin dayanıqlığını gücləndirməlidir.
Rəqəmsal təhlükəsizlik də milli suverenliyin mühüm tərkib hissəsidir. Dövlət informasiya sistemlərinin, strateji infrastrukturun və şəxsi məlumatların qorunması texnoloji imkanlarla yanaşı, insanların rəqəmsal bacarıqlarından asılıdır. QHT-lər kibertəhlükələrin tanınması, uşaqların internet təhlükəsizliyi, fərdi məlumatların mühafizəsi və süni intellektdən məsuliyyətli istifadə üzrə maarifləndirməni genişləndirməlidirlər. Bu fəaliyyət vətəndaşların təhlükəsizliyinə və rəqəmsal xidmətlərə etimadın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin müstəqil və çoxşaxəli xarici siyasətinin əsasında milli maraqlar, suveren qərarvermə və qarşılıqlı faydalı əməkdaşlıq dayanır. Dövlət başçısının Bakı Forumunda qalib Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etməsini vurğulaması da mühüm mesajdır. Bu yanaşma hərbi Qələbənin uzunmüddətli sabitliyə və regional əməkdaşlığa çevrilməsinə yönəlmiş siyasi iradəni ifadə edir. Daxildəki milli həmrəylik Azərbaycanın beynəlxalq müstəvidə müstəqil mövqeyini gücləndirir.
QHT-lərin beynəlxalq fəaliyyəti ictimai diplomatiyanın mühüm istiqaməti kimi qiymətləndirilməlidir. Xarici vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq, ekspert müzakirələri, mədəni və humanitar layihələr xalqlar arasında birbaşa ünsiyyət və etimad yaradır. QHT-lər bu imkanlarla Azərbaycanın birgəyaşayış təcrübəsini, Qarabağda bərpa prosesini və sülh gündəliyini beynəlxalq ictimaiyyətə faktlarla çatdıra bilərlər. Belə fəaliyyətin təsiri etibarlı məlumat, qarşılıqlı dinləmə və davamlı əməkdaşlıq üzərində qurulmalıdır.
Milli kimliyin qorunması, ictimai harmoniyanın möhkəmləndirilməsi, ideoloji və rəqəmsal təhlükəsizlik, fəal ictimai diplomatiya QHT-lərin bir-birini tamamlayan fəaliyyət istiqamətləridir. Bu sahələrdə dövlətlə vətəndaş cəmiyyətinin səmərəli əməkdaşlığı Zəfərlə əldə olunmuş nailiyyətlərin davamlılığına və suveren Azərbaycanın inkişafına mühüm töhfədir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Keçmiş nazirin oğluna vəzifə verildi
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Leysan, dolu, qar - Sabahın havası
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon