İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş tutub - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş tutub - YENİLƏNİB + FOTO/VİDEORusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə dövlət başçıları çıxış ediblər.

Rusiya Prezidenti Vladimir Putin deyib:

"Sizi görməyə çox şadam. Sağ olun ki, təklifimi qəbul etdiniz.

Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə - diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Bu gün biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub.

Fikrimcə biz indiki həyatda hələ qarşıya çıxan problemlərə baxmayaraq, hər halda məmnun ola bilərik ki, hazırda olduğumuz səviyyəyə çatmışıq. Əlbəttə, bu barədə biz bu gün ətraflı danışacağıq. Lakin istənilən halda həm orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından, həm də ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması baxımından artıq müəyyən razılaşmalar var.

Bilirəm ki, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var. Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik.

Yeri gəlmişkən, həm Rusiya Federasiyası, həm də bilirəm, Sizin digər qonşularınız bu məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində maraqlıdırlar, ona görə ki, bunda təkcə Azərbaycan və Ermənistan maraqlı deyil, - Rusiya da, təkrar edirəm, Sizin bütün başqa qonşular da maraqlıdırlar.

Ticari-iqtisadi əlaqələrə gəldikdə, onlar durmadan inkişaf edir. Pandemiyaya baxmayaraq, keçən il bizdə əmtəə dövriyyəsi 16 faizdən çox artıb və bu, çox yaxşı göstəricidir. Sizə təşəkkür edirik ki, Siz bizim qarşılıqlı fəaliyyətimizi dəstəkləyirsiniz. Bu baxımdan bizim çox ciddi planlarımız var. Bizim iqtisadi əlaqələrimiz yetərincə yaxşı şaxələndirilib və bu, irəliyə hərəkətin davam etməsi üçün yaxşı ilkin şərait yaradır.

Bizim üçün həssas və mənim fikrimcə Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllini, ilk növbədə, rus dilinin inkişafını dəstəklədiyinizə görə Sizə təşəkkür edirik. Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik.

Regional əlaqələr yetərincə səmərəli inkişaf edir.

Bir də, əlbəttə, fürsətdən, Sizin səfərinizdən istifadə edərək Sizi Ukrayna istiqamətində bizdə nələr baş verməsi barədə məlumatlandıracağam. Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib.

Bəri başdan demək istəyirəm, biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.

Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq.

Təəssüf ki, Ukraynada dövlət çevrilişindən sonra biz Ukrayna ilə qarşılıqlı əlaqələrin bu səviyyəsini və keyfiyyətini görmürük, əvvəlki səviyyə yox olub. Vurğulamaq istəyirəm, məhz dövlət çevrilişindən və bu çevrilişi edənlər tərəfindən hakimiyyətin qanunsuz ələ keçirilməsindən sonra.

İndicə, Sizinlə görüşdən əvvəl Qazaxıstan Prezidenti ilə söhbət edirdim. Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir.

Bildiyiniz kimi, biz beynəlxalq terrorizmin xarici təcavüzü ilə əlaqədar Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxartdıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir.

Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır.

İndi bizim hər şey barədə daha ətraflı söhbət etmək imkanımız olacaq. Mən təfərrüat barədə Sizi məlumatlandıracağam.

İstənilən halda demək istəyirəm ki, Sizi görməyə çox şadam.

Xoş gəlmisiniz".

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə Rusiyaya rəsmi səfərə dəvət etdiyinizə görə sağ olun. Şadam ki, bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır. Sizinlə noyabrın sonunda görüşmüşdük, o vaxtdan üç aydan az keçib. Bu gün də mən Rusiya Federasiyasındayam. Bütün bunlar ona dəlalət edir ki, bizim münasibətlərimiz çox dinamik şəkildə inkişaf edir. Biz daim əlaqə saxlayarıq, zəngləşirik. Əlbəttə, şəxsi görüşlərimiz həmişə xüsusi əhəmiyyət kəsb edir, xüsusən ona görə ki, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında ən mühüm sənədin imzalanması ərəfəsində. Rəmzi haldır ki, bu görüş, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Fikrimcə, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir.

Bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır. Ticari-iqtisadi əlaqələrdə yaxşı dinamika olması barədə Sizin fikrinizə şərik olduğumu bildirmək istərdim. Bizim əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və Sizin qeyd etdiyiniz kimi 16 faiz artıb. Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Biz çoxsaylı konkret layihələri həyata keçiririk. Əlbəttə, bu gün bu barədə də danışacağıq, humanitar sahədə gördüyümüz işləri yüksək qiymətləndirdiyinizə görə sağ olun.

Təşəkkür edirəm ki, Siz bunu həmişə vurğulayırsınız, bizim səylərimizi qiymətləndirirsiniz və düzgün olaraq qeyd etdiyiniz kimi, bu, həm Rusiya üçün, həm də Azərbaycan üçün vacibdir. Məktəblər məsələsinə gəldikdə, bir qədər dəqiqləşdirmək istərdim. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır, ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir.

Əlbəttə, Siz qeyd etdiyiniz kimi, bu gün bizim regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət barədə danışacağıq. Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək.

Beləliklə, gündəliyimiz çox genişdir, bu səfər xüsusi səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyadayam. Lakin bu, xüsusi haldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq. Dəvətə görə bir daha təşəkkür edirəm".

Prezident Vladimir Putin: "Sağ olun".

16:13
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüş başlayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş tutub - YENİLƏNİB + FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2723   Tarix: 22 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasını

6 fevral
.

Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib

Fevralın 4-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilib. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 09:10. Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

4 fevral
.

Vaşinqtonda imzalanmışdı, Bakıda möhürləndi

Məlum olduğu kimi, ABŞ-nin Vitse-prezidenti Jey Di Vens ölkəmizə 10 fevral tarixli səfəri çərçivəsində Prezident İlham Əliyev ilə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" imzalanıb. "Qafqazinfo"nun məlumatın

10 fevral
.

Prezidentdən Tahir Budaqovla bağlı İKİ SƏRƏNCAM

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Prezidentin digər Sərəcamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

9 fevral
.

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub. Qeyd edək ki, Cabbar Musayev indiyədə

9 fevral
.

"Azərbaycançılıq ideologiyasının təbliği hər zaman geniş şəkildə davam etdirilməlidir" - DEPUTAT

"Azərbaycançılıq ideologiyasının əsasında xalq arasında milli birlik və həmrəyliyin möhkəmləndirilməsi dayanır. Bu ideologiyanın müəllifi Ulu Öndər Heydər Əliyevdir. Amma Azərbaycan yenidən müstəqilliyinə qovuşduğu ilk illərdə xalqı birləşdirən bir ideologiya olmadığından ölkədə parçalanma baş vermi

8 fevral
.

İlham Əliyev Azər Mursaqulova yüksək vəzifə verdi

Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

10 fevral
.

"ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm mərhələni ifadə edir" - AÇIQLAMA

"ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm mərhələni ifadə edir. Bu səfər qarşılıqlı faydalı strateji əlaqələrin genişləndirilməsi, iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Səfər ötən il Vaşinqtonun vasitəçiliy

11 fevral
.

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi v

11 fevral