Çağdaş Azərbaycan reallığının dünyaya nümayişi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Bu məkanlarda şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu prosesin mühüm tərəflərindən biri də həyata keçirilən işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsidir. Bu baxımdan Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri xüsusi əhəmiyyət daşıyır.
Ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyətinin 2026-cı il sentyabrın 11-12-də Qarabağ və Şərqi Zəngəzura səfəri də bu baxımdan diqqətəlayiqdir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar. Yeri gəlmişkən, qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin 2020-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəridir.
Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə, yenidən qurulmuş Mədəniyyət Mərkəzinə, Yeni Şuşa məscidinin tikintisinə, həmçinin şəhərin tarixi memarlıq abidələrinə baxış keçirilib. Diplomatlar Aşağı Gövhər Ağa məscidində aparılan əsaslı bərpa işləri ilə tanış olub, Azərbaycan xalqının tarixi ədalətin bərpası və ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni əks etdirən Xankəndi Zəfər Parkına baş çəkiblər. Cıdır düzündən açılan möhtəşəm mənzərəni seyr edən səfər iştirakçılar Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər monastır kompleksi və Kəlbəcər rayonunun Vəng kəndindəki yerləşən Xudavəng monastır kompleksi ilə də tanış olublar. Şübhəsiz, tarixi-dini abidələrin səfər proqramında geniş yer alması Azərbaycanın Qarabağın zəngin mədəni irsinin qorunmasına verdiyi önəmin nümayişi baxımından olduqca əhəmiyyətlidir.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər bölgənin iqtisadi və sosial inkişafını əks etdirən obyektlərə də baş çəkiblər. Belə ki, onlar "İstisu" mineral su doldurma zavodunun, Xankəndi tikiş fabrikinin və Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olub, həmçinin Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak ediblər. Diplomatlar Şuşada Birinci yaşayış məhəlləsinin kiçik sakinləri ilə də söhbət ediblər. Uşaqların diplomatlarla səmimi söhbəti rəsmi səfərə xüsusi bir çalar qataraq Şuşa səfərinin yaddaqalan epizodlarından birinə çevrilib.
Səfər iştirakçılarının təəssüratları, verdikləri açıqlamalar və bölgədəki inkişafla bağlı müsbət fikirləri də diqqət çəkir. Məsələn, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda bura nə qədər böyük səylərin, vəsaitin və resursların yönəldildiyini, bərpa işlərinin nə qədər sürətlə aparıldığını görürük. Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç isə dövlətin Böyük Qayıdış Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla izlədiyini vurğulayıb. Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon isə deyib ki, bu, Prezident İlham Əliyevin böyük xidmətidir: "O, bu regionun inkişafına böyük diqqət ayırıb. Hər səfərim zamanı yeni dəyişikliklərin şahidi oluram". Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Taonun sözlərinə görə, Xankəndinin, Şuşanın və bölgənin digər şəhərlərinin inkişaf dinamikası nikbinlik doğurur: "Ümid edirəm ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Xankəndi, Şuşa və regionun digər şəhərləri daha da inkişaf edəcək". Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri xarici diplomatlarda böyük təəssürat yaradır və onlar bunu açıq şəkildə ifadə edirlər.
Yeri gəlmişkən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono paylaşımında 11-12 sentyabr tarixlərində Azərbaycan rəsmiləri tərəfindən diplomatik korpus üçün Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki keçmiş münaqişə zonalarına təşkil edilən səfərdə ilk dəfə iştirak etdiyini vurğulayıb: "Biz yerli hakimiyyət orqanları, keçmiş məcburi köçkünlər və media nümayəndələri ilə ünsiyyət qurmaq imkanı əldə etdik. Səfər çərçivəsində həmçinin məscidlər və kilsələr kimi müxtəlif mədəni və dini irs məkanlarına da baş çəkildi".
Bəli, belə səfərlər xarici diplomatlara bölgədə baş verən proseslərlə bilavasitə tanış olmaq, görülən işləri öz gözləri ilə müşahidə etmək və burada yaradılan yeni reallıq barədə daha obyektiv təsəvvür formalaşdırmaq, həmçinin Azərbaycanın yaratdığı yeni reallığın daha geniş şəkildə tanınmasına imkan verir. Bu mənada, səfərlərin hər biri Qarabağ həqiqətlərinin diplomatik müstəvidə təqdimatı baxımından mühüm platformadır. Çünki diplomatik nümayəndələr burada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm keçmişin izlərini, həm də gələcəyə hesablanmış quruculuq modelini bir arada görürlər. Bəli, bu səfər zamanı onlar bir daha Azərbaycanın iqtisadi baxımdan qüdrətli dövlət, Azərbaycan xalqının isə qurub-yaradan və sülhsevər xalq olduğunun şahidi olublar.
Qvami Məhəbbətoğlu - araşdırmaçı-jurnalist
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bəyin atası da idarə rəisi işləyib - Foto
Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA
Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
"Yeraltı"nın yayım tarixi bəlli oldu
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
"Bilik günü"nün havası açıqlandı
Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA