17 Oktyabr - Füzulinin azadlığı və dirçəlişinin rəmzi

17 Oktyabr - Füzulinin azadlığı və dirçəlişinin rəmziXalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli iradənin, qəhrəmanlığın, vətənpərvərliyin və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan 17 oktyabr tarixi 2020-ci ildə Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsini, Azərbaycan Ordusunun misilsiz şücaətini və Azərbaycan xalqının tarixi torpaqlarına qovuşmaq əzmini təcəssüm etdirən bir gündür. Bu gün həm də, onilliklər ərzində doğma torpaq həsrəti ilə yaşayan insanların sevincini, şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və Azərbaycanın gələcəyə inamla irəliləməsini ehtiva edən mühüm bir tarixdir.

Füzuli rayonu Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bölgələrindən biridir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəd olmaqla, Araz çayı boyunca uzanan əraziləri bölgənin iqtisadi və coğrafi əhəmiyyətini artırır.
Füzuli torpağı əsrlər boyu Azərbaycan xalqının tarixi-mədəni həyatında mühüm yer tutmuş, burada milli-mənəvi dəyərlərimiz formalaşmış, el sənətkarlığı, ədəbiyyat və ənənələr inkişaf etmişdir. Rayonun ərazisində yerləşən tarixi və memarlıq abidələri bu torpağın qədim keçmişindən xəbər verir. Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Hacıqiyasəddin məscidi və karvansara kimi tarixi-mədəni irs nümunələri Füzulinin zəngin keçmişini əks etdirən mühüm abidələrdəndir. Təəssüf ki, işğal illərində bölgənin bir sıra tarixi və dini abidələrinə ciddi ziyan dəymiş, yaşayış məntəqələri dağıdılmışdır.
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuşdur. Bu hadisə bölgənin həyatında ağır və faciəli bir dövrün başlanğıcı oldu. Minlərlə insan doğma evini, torpağını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qaldmışdır. İşğal nəticəsində yaşayış evləri, sosial obyektlər, təhsil və mədəniyyət müəssisələri, tarixi abidələr dağıntılara məruz qaldı. İnsanların həyat tərzi dəyişdi, ailələr doğma torpaqlarından uzaqda məskunlaşmağa məcbur qalmışdır.
Bu illər ərzində Füzulinin adı Azərbaycan xalqının yaddaşında həm ağır itkilərin, həm də sarsılmaz müqavimətin rəmzinə çevrildi. Doğma torpaqların azad edilməsi arzusu xalqımızın milli birliyini və mübarizə əzmini daha da gücləndirdirmişdir.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin həlledici mərhələsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarını uğurla davam etdirərək işğal altında olan ərazilərin azad olunması istiqamətində mühüm nailiyyətlər qazandı. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən əlamətdar hadisələrindən biri kimi tarixə düşdü. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbi peşəkarlığını, əsgər və zabitlərimizin cəsarətini və xalqımızın qələbəyə olan inamını nümayiş etdirdi.
Füzuli uğrunda gedən döyüşlər böyük hərbi-strateji əhəmiyyət daşıyırdı. Şəhərin azad edilməsi cənub istiqamətində əməliyyatların inkişafına, sonrakı hərbi uğurlar üçün əlverişli şəraitin yaranmasına və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi prosesinin sürətlənməsinə töhfə verdi. Füzulinin azadlığı böyük qəhrəmanlıq, fədakarlıq və qətiyyət bahasına əldə edildi. Bu zəfərin arxasında canını Vətən uğrunda fəda edən şəhidlərimizin müqəddəs xatirəsi, sağlamlığını itirən qazilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının sarsılmaz həmrəyliyi dayanır. Füzulinin azad edilməsi göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarına bağlılığını heç vaxt itirmir və tarixi ədalətin bərpası naminə əzmindən dönmür.
Tarixi Zəfərin əbədiləşdirilməsi, işğaldan azad edilmiş şəhərlərin əhəmiyyətinin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il iyulun 31-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzalamışdır. Bu Sərəncam Füzulinin azad edilməsinin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqləyir. Şəhər Gününün təsis edilməsi həm şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi, həm də gələcək nəsillərin Vətən müharibəsinin tarixi həqiqətlərini öyrənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azadlıqdan sonra şəhərin və rayonun infrastrukturunun bərpası, müasir yaşayış mühitinin yaradılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və sosial obyektlərin inşası istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyə başlandı. Dağıdılmış şəhərin yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Yeni yaşayış məhəllələrinin salınması, yolların çəkilməsi, enerji və kommunal təminatın yaxşılaşdırılması, təhsil və digər sosial infrastrukturun yaradılması Füzulinin müasir şəhər kimi inkişafına xidmət edir. Füzulinin yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Prezident cənab İlham Əliyev azad olunmuş Füzuliyə dəfələrlə müxtəlif məqsədlərlə səfər etmişdir. 2020-ci ildə Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun təməlqoyma mərasimi, 2021-ci ildə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulması, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, eləcə də Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə və Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq, bundan başqa, "Füzuli" 110/35/10 kilovoltluq yarımstansiyasının açılış mərasimi, Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, eləcə də, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və bir çox əhəmiyyətli tədbirləri buna misal gətirmək olar.
Füzuli şəhərində yenidənqurma işlərinin aparılmasında, həmçinin, bu şəhərdə sakinlərin həyat səviyyələrinin yüksəlməsində bir neçə Mərkəzi Asiya ölkələrinin də böyük dəstəyi olmuşdur. Belə ki, dost ölkə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunmuşdur. Bundan başqa, Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilmiş və bu Mərkəzin açılış mərasimində Ölkə Başçısı cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iştirak etmişdir.
Füzulinin inkişafında mühüm rol oynayan layihələrdən biri Füzuli Beynəlxalq Hava Limanıdır. Müasir nəqliyyat infrastrukturu kimi hava limanı bölgənin ölkənin digər əraziləri və beynəlxalq istiqamətlərlə əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Hava limanının istifadəyə verilməsi Qarabağ və ətraf ərazilərə səfərlərin asanlaşdırılmasına, nəqliyyat imkanlarının genişlənməsinə və gələcək iqtisadi inkişaf üçün yeni perspektivlərin yaranmasına xidmət edir. Füzuli Beynəlxalq Hava Limanı eyni zamanda azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin miqyasını nümayiş etdirən mühüm infrastruktur layihələrindən biridir. O, bölgənin investisiya imkanlarının, turizm potensialının və iqtisadi əlaqələrinin inkişafına töhfə vermək imkanına malikdir.
Füzulinin azad edilməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri uzun illər doğma torpaqlarından ayrı düşmüş sakinlərin təhlükəsiz və dayanıqlı şəkildə geri qayıtmasının təmin edilməsidir. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb. Bu hadisə şəhərin müasir tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, minlərlə insanın illərlə gözlədiyi arzunun gerçəkləşməsi deməkdir.
Böyük Qayıdış proqramı çərçivəsində insanların yaşayış şəraitinin yaradılması, sosial xidmətlərə çıxışının təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi və doğma torpaqlarda normal həyatın bərpası əsas prioritetlərdəndir.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə hazırda yüz minə yaxın əhali yaşayır, işləyir və təhsil alır. Bu günə kimi həmin ərazilərin bərpasına və yenidən qurulmasına iyirmi altı milyard manata yaxın vəsait sərf olunmuşdur.
Bir sözlə, Füzulinin dirçəlişi ümumilikdə Qarabağın inkişafı, Azərbaycanın iqtisadi potensialının genişlənməsi və milli həmrəyliyin möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 266   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir

Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyini

16 oktyabr
.

İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətləri

16 oktyabr
.

İlham Əliyev: "Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb"

"Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, b

15 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

"ABŞ İrana qarşı daha dağıdıcı silahlardan istifadə etmək qərarına gəlsə, İsrailin də bu əməliyyatlara qoşulması mümkündür" - BƏHRUZ QULİYEV

"ABŞ-ın İrana qarşı daha ağır silahlardan istifadə etmək ehtimalının gündəmə gəlməsi Yaxın Şərqdə müharibənin növbəti mərhələsi ilə bağlı ciddi suallar yaradır. Burada əsas məsələlərdən biri ABŞ-la İsrailin İran istiqamətində hərbi əməliyyatları bundan sonra da birgə davam etdirib-etdirməyəcəyidir

16 oktyabr
.

AQEM-də Azərbaycanın mövqeyi daha da artır

Müasir dövrdə geosiyasi gərginliklərin artması, regional münaqişələrin coğrafiyasının genişlənməsi, təhlükəsizlik risklərinin mürəkkəbləşməsi və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər dövlətlərarası etimadın və çoxtərəfli tərəfdaşlığın bərpasını həyati zərurətə çevirir. Bu baxımdan, Asiyada Qarşılıql

16 oktyabr