"Bu gün elə bir azərbaycanlı yoxdur ki, Heydər Əliyevi özününkü, doğması hesab etməsin" - DEPUTAT

"Bu gün elə bir azərbaycanlı yoxdur ki, Heydər Əliyevi özününkü, doğması hesab etməsin" - DEPUTAT"Dekabrın 12-si Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötür. Əslində 21 il tarixin baxışında böyük zaman kəsiyi olmasa da, insan ömrü çərçivəsində kifayət qədər uzun müddətdir. Çünki 21 il ərzində nəsillər, cəmiyyətlər, ideologiyalar dəyişir, hətta 21 ilə bəzən qüdrətli dövlətlərin və quruluşların mövcudiyyət dövrü sığır. Ötən 21 ildə təbii Azərbaycan da çox dəyişib. Dəyişməyən isə Azərbaycan xalqının Heydər Əliyev siyasətinə sədaqəti və onun yoxluğu ilə barışmamasıdır" – bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az – a açıqlamasında deyib.

Deputat qeyd edib ki, Heydər Əliyevin zəngin siyasi irsi, müasir dövlətçiliyin banisi kimi adı Azərbaycan üçün olduğu qədər siyasətdən tamamilə kənar ən sadə azərbaycanlı üçün də önəmli və əzizdir:

"Azərbaycanın zəngin dövlətçilik tarixində varisliyin təmin edilməklə müasir dövlətçiliyin bərqərar olması, Azərbaycanın bir dövlət kimi xəritədən silinməsinin qarşısının alınması zəminində Azərbaycan dövlətçiliyindən danışdıqda heç şübhəsiz ki, ilk ağıla gələn sima Ulu Öndər Heydər Əliyevdir. Onun zəngin siyasi irsi, müasir dövlətçiliyin banisi kimi adı Azərbaycan üçün olduğu qədər siyasətdən tamamilə kənar ən sadə azərbaycanlı üçün də önəmli və əzizdir. Bu gün milli təfəkkürə və sağlam düşüncəyə malik elə bir azərbaycanlı yoxdur ki, Heydər Əliyevi özününkü, doğması hesab etməsin və əslində Heydər Əliyev fenomenini xalqın Öndərinə çevirən, yaddaşlarda yaşadan amil də məhz budur.
Bildiyiniz kimi, Heydər Əliyev adı artıq ötən əsrin 60-cı illərinin ortalarından sadə azərbaycanlı üçün önəm kəsb etməyə başlayıb. Təsadüfi deyildi ki, O, SSRİ miqyasında və milli subyektlərdə ən nüfuzlu qurum olan təhlükəsizlik sistemində, daha dəqiq desək, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr vəzifəsinə yüksəlmiş ilk azərbaycanlı idi. Məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan DTK yalnız SSRİ maraqlarını yox, həm də Azərbaycanın milli maraqlarının keşikçisi və müdafiəçisinə çevrildi. Yüzlərlə ziyalı məhv edilməkdən qurtuldu, milli təfəkkürlü minlərlə məfkurə daşıyıcısı yetişdi. Milli kimlik, din, dil, mədəniyyət sahəsində tarixi dönüş məhz Heydər Əliyevin rəhbərlik etdiyi DTK-nın himayəsində təşəkkül tapmağa başladı. Bu gün bəzən həmin tarixi-siyasi prosesləri ayrı-ayrı şəxslərin adı ilə bağlamaq cəhdləri var, amma unutmaq olmaz ki, məsələn uzun illərdən sonra, 1967-ci ildə Novruz bayramı, Respublikaya yox, birbaşa Moskvaya tabe olan Azərbaycan DTK-nın sədri, general Heydər Əliyevin razılığı olmadan ölkə səviyyəsində təntənəli şəkildə qeyd edilə bilməzdi. Bu baxımdan Ulu Öndər hələ ölkəyə rəhbərlik etməyə başlamadan artıq xalqın ümid yerinə çevrilmişdi.

1969-cu ilin 14 iyulunda Ümummilli Liderin Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə başlaması isə bütövlükdə Azərbaycan tarixində yeni eranın başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından isə çox daha müstəqil idi.

Biz illər ərzində yanlış təbliğatın, yarıtmaz tarix dərsliklərinin ucbatından Sovet Azərbaycanına ancaq təqiblər dönəmi kimi baxmışıq. Amma Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi. Heydər Əliyev "dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar?" sualına cavab verməyi bacaran ilk və son lider oldu.

Tarixdən bəllidir ki, Sovet hakimiyyətinin ilk dövrlərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu. Nə qədər qəribə olsa da, SSRİ süquta uğrayandan sonra bu düşüncə vandalizmi Azərbaycanda yenidən baş qaldırdı. Bolşeviklərin muzdurlar şurasından fərqli olmayan AXC-Müsavat cütlüyü Sovetlərə bağlı nə varsa, hər şeyə nifrət aşılamağa, hətta Böyük Vətən müharibəsi iştirakçılarını belə xainlikdə suçlamağa başladılar. Bunun bir səbəbi var idi, Heydər Əliyevə olan kin və düşmənçilik. Bilirdilər ki, Azərbaycan xalqı Əliyev kimi bir dahini qoyub bunlara üz tutmayacaq. Ona görə də Heydər Əliyevi SSRİ və KQB ilə assosiasiya edərək gözdən salmaq istəyirdilər. Amma xalq bilirdi ki, Heydər Əliyev şərəfli general kimi DTK sədri olanda da, Azərbaycana rəhbərlik edəndə də, SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini olanda da həmişə milli olub.

Heydər Əliyev milli özünüdərkdir, Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir. Kimin hansı mif uydurmasından asılı olmayaraq, etiraf etməliyik ki, mövcudiyyəti dövründə SSRİ-yə öz dövlətimiz kimi yanaşmış, bu dövlətə sidq ürəkdən inanmışıq. Bizim çox dəyərli ziyalılarımız belə əqidəli kommunist kimi Sovet dövlətini özününkü hesab edib. Bu inamla yaşayan xalqın müstəqillik barədə düşünərək SSRİ kimi qüdrətli bir dövlətdən üz çevirməsi faktiki mümkünsüz idi. Amma Ulu Öndərin haqsızlıqlara məruz qalıb 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması bu xalqın sovetlərə inamının itməsi ilə nəticələndi. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır. Təsadüfi deyil ki, Heydər Əliyevin repressiyalara məruz qalmasından cəmi bir neçə ay sonra, 1988-ci ildə başlanan meydan hərəkatının ilk iştirakçılarının əllərindəki etiraz plakatları məhz Heydər Əliyevin portretlərindən ibarət idi.

Ulu Öndərin istefasından iki həftə keçməmiş o vaxtkı "Dağlıq Qarabağ Muxtar Vilayətinin" Ermənistanın tərkibinə verilməsi məsələsini qaldırdılar. Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Çünki cənab İlham Əliyevin bu il 10 mayda Şuşadan bəyan etdiyi kimi, "Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu". Məlumdur ki, Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən onların Azərbaycana ərazi iddiaları var və 1969-cu ilə qədər bu iddialarını hissə-hissə uğurla realizə ediblər. Hətta 60-cı illərin ortalarında sosial-məişət zəminini bəhanə edib Qarabağda qiyam da qaldırmışdılar və Qarabağın Ermənistana birləşdirilməsi hələ o zaman artıq labüd idi. Məhz Heydər Əliyevin simasında Azərbaycanda güclü və milli iradənin hakimiyyətə gəlməsi bu prosesə nöqtə qoydu. 1969-cu ildən 1987-ci ilə qədər Qarabağda bir nəfər də olsun millətçi-daşnak təfəkkürü baş qaldıra bilməmişdi. Amma Heydər Əliyevsiz 6 il Azərbaycan xalqının tarixində ən ağır faciələr dönəmi kimi tarixə düşdü, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı, 30 ildən artıq davam edən məğlubiyyətlər seriyası, işğal və təcavüz dövrü başlandı.

Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Nəticədə, öncə Bakıda qaldırılmalı olan üçrəngli bayrağı, yalnız Heydər Əliyevin qətiyyəti və dönməz cəsarət ilə Naxçıvanda qaldırıldı. Ümumiyyətlə, tarix özü ən azı iki dəfə göstərib ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda yürüdükcə var olur, güclənir. 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən bir il keçməmiş artıq ordu quruldu, əks hücumla Cəbrayılın, Füzulinin kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu, Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəsə məcbur edildi.

Sonrakı illərdə bizi inkişafa, tərəqqiyə aparan yol məhz Ulu Öndərin sayəsində başlandı. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti, heç şübhəsiz ki, xalqın taleyini öz siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə etibar etməsi oldu.

Məlumdur ki, Ulu Öndər Bakıya qayıtdıqdan sonra Bakıda təhlükələrlə üz-üzə qalanda, o cümlədən fəaliyyətinin ağır Naxçıvan dövründə Onun əsas silahdaşı məhz cənab İlham Əliyev olmuşdu. 1993-cü ildən etibarən isə Ümummilli Liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlıq məhz cənab İlham Əliyevin çiyinlərində oldu. Ona görə də 2003-cü ilə qədərki dövlət quruculuğu prosesində biz Ulu Öndərlə bərabər, Onun əsas silahdaşı kimi məhz cənab İlham Əliyevin adını çəkməliyik.

Qarabağ məsələsi Ulu Öndərin nisgili idi, hətta 1 oktyabr 2003-cü ildə, özünün həyatını həsr etdiyi xalqına son müraciətində də dahi Lider ifadə edirdi ki, "xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik". Baxmayaraq ki Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, "xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı". Amma o zaman Xalq Cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə, populist meydan əhvali-ruhiyyəsinə üstünlük verdi. Baxmayaraq ki, Ulu Öndər dediyi kimi, "Bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi" və cənab İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə idarəçilik milli düşüncədə, doğru əldə olmalıdır.

Doğru əl və milli düşüncə kim idi, onu da ümummilli lider özü göstərdi. Ulu Öndərin siyasi davamçısı olaraq cənab İlham Əliyev məhz milli düşüncəni təmsil edirdi və xalqın tükənməz dəstəyi ilə O həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, Heydər Əliyev siyasi kursuna sadiq qalaraq 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı.

Bu Zəfərə qədər cənab İlham Əliyev güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi. Ölkəni çadırlardan azad etdi. Məcburi köçkün çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahı, rəngli inqilablar simgəsi olan narıncı çadırlara meydan verməyərək müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri "palatka" təfəkküründən xilas edib 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi. Zəfərdən cəmi 8 gün sonra isə özünün ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi. Öz gücümüzə, daha doğrusu, Öz gücünə!

Bu gün Azərbaycan Respublikası isə tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının Ulu Öndəri Heydər Əliyevin görmək istədiyi mənzərə də məhz bu idi və heç şübhəsiz ki, vəfatının 21-ci ildönümündə bu reallıqlardan dahi Liderin ruhu da şaddır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1775   Tarix: 12 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev İqbal Hüseynovu vəzifəsindən azad etdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəsindən azad edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-c

15 yanvar
.

Qonşu İranla münasibətlər hər zaman diqqət mərkəzindədir

Ənənəvi Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər, verdiyi müsahibələr həm iqtisadi və həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. Dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətləri

21 yanvar
.

Prezident ailəsinin Trampla - Fotoları

Leyla Əliyeva Prezident və ailəsinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla Davos İqtisadi Forumu çərçivəsində görüşündən paylaşım edib. "Qafqazinfo" Prezident ailəsinin Trampla görüşündən fotolarını təqdim edir:

22 yanvar
.

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Salamlara gör

20 yanvar
.

Davos Forumu Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır

Bu il yanvarın 19-23-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun illik toplantısı keçirilib. 130-dan çox ölkəsindən ümumilikdə 3 mindən çox nüfuzlu şəxs, o cümlədən 65 dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə nazirinin, 33 xarici işlər nazirinin, 11 mərkəzi bank rəhbərinin v

22 yanvar
.

"Prezident İlham Əliyevin təqdim etdiyi Dövlət Proqramı ölkənin su strategiyasında yeni, daha dayanıqlı mərhələnin əsasını qoyur" - DEPUTAT

"Prezident İlham Əliyevin sədrliyi ilə 12 yanvar tarixində keçirilmiş "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"na həsr olunan müşavirə müasir Azərbaycan dövlətinin infrastruktu

16 yanvar
.

"Ermənistan ardıcıl olaraq əsas tərəfdaşlarını itirir - Rusiya küsüb, İran narahatdır" - AÇIQLAMA

Ermənistan heç vaxt İrana qarşı heç bir addım atmayıb və atmayacaq da. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. "Ermənistan İrana qarşı proseslərə cəlb edilməyəcək", - deyə Simonyan İranın İrəvandakı səfiri Xəlil Şirqolaminin Ermənistanın İrana düşmən qüvvələrin mərkəzin

16 yanvar
.

"Zəngəzur dəhlizi Bakı-Ankara oxunun strateji layihəsidir və bu layihə artıq geri dönməz mərhələyə keçib" - AÇIQLAMA

Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın da istədiyi kimi reallaşacağını görməyi arzulayır. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib. O qeyd edib ki, bu dəhliz böyük strateji mənzərədə Orta Dəhliz, daha regional aspektdən isə Azərbaycanın digər bölgələrinin Naxçıvanla birləşməs

15 yanvar
.

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. dövlət başçısının paylaşımını təqdim edir:

20 yanvar