Ağamalıya gülün, ağlamalı günləriniz qabaqdadır

Ağamalıya gülün, ağlamalı günləriniz qabaqdadırMillət vəkili Fəzail Ağamalının gilasın 8 manata olmasına özünəməxsus şəkildə etirazı günlərdir sosial şəbəkələrdə "gülüş obyektinə" çevrilib, hətta klounlar da harda bişdiyini bilmədikləri bu məsələyə öz ağıllarına və səviyyələrinə uyğun "kliplər" həsr edirlər.

Mövzu tapıblar sanki – çox istedadsızdırlar: söhbətin mahiyyətinə varmadan, yalnız şit gülüş və qeyri-ciddi başqatma ilə məşğuldurlar. Sənətçisi, ziyalısı belə olanın "zəhmətkeşi" də rayondan gilas alıb, MM-in qarşısına "tiktok"lamağa gələn olacaq...

Fəzail Ağamalı bu ölkədə nazir müavini və nazir əvəzi olan şəxsdir: hərəkatdan gəlib, illərdir millət vəkilidir, partiya sədridir. Guya kim bilmir ki, onun 8 deyil, 80 manata da gilas almaq imkanı var!

Ancaq Fəzail Ağamalı nə etdi? Durdu, gəldi, sadə vətəndaşın yanında dayandı və vəziyyətin dramatikliyini daha sərt, açıq, aydın şəkildə göstərmək üçün mübaliğədən istifadə etdi; sadə vətəndaşın yanında dayanıb, hökuməti, Bakı merini, kənd təsərrüfatı nazirini və s. ittihamladı.

Kişi kimi, mərd-mərdanə sizin yanınızda durub, Eldar Əzizova, İnam Kərimova qarşı sinəsini qabağa verdi, onlara vəziyyətin çox dramatik olduğunu izah etdi – şişirtmə ilə, mübaliğə ilə.

Şişirtmə, mübaliğə bilirsinizmi nədir?

"Dağ boyda kişi" olurmu? Adam da dağ boyda olar? Bəs niyə "dağ boyda kişi" deyirik?

Kişinin əzəmətini göstərmək üçün! Buna deyirlər fikri izah etmək üçün istifadə edilən mübaliğə, bənzətmə, şişirtmə, metafora – başa düşdünüz?

Başa düşmədiniz, başa düşsəniz, bir millət vəkilinin 8 manata gilas ala bilmədiyini deməsini sözün hərfi mənasında qanıb, bu qədər şou göstərməz və özünüzü əbləh yerinə qoymazdınız.

Adamları sizin yanınızda olduğuna, sizin dərdinizi dediyinə, sizin ağrılarınızı öz üzərlərində hiss etdiklərini göstərdiklərinə peşman edirsiniz.

Nə düşmüşdü Fəzail Ağamalıya ki, sizin səviyyənizə - sözün hər mənasında – enib, yekə-yekə məmurlara bu bahalığa son qoymaq üçün çağırış edəydi?

Gərək sizi vecinə almayaydı, adam yerinə qoymayaydı, mövsüm meyvələrinin bahalığından şikayət etməyəydi, mövsüm meyvələrini monopoliyaya götürüb, milyardlar qazananlara, yalançı yarmarkalar keçirib, gözdən pərdə asmaq istəyən vicdansızlara qarşı çıxmayaydı. Həm o yekələrlə düşmən olacaq, həm də qeyri-ciddi, sözqanmaz klounların məsxərə obyekti olacaq? Kimə lazımdır bu?

Hər zaman belə olmusunuz – məmurunuzu da, deputatınızı da özünüzdən bu cür uzaqlaşdırmısınız. İndi hansı deputat sizi müdafiə edəcək? Hansı deputat sizin acılarınızı öz acısı kimi ifadə edib, Eldar Əzizova meydan oxuyacaq? Elə Eldar müəllimi müdafiə edib, daha bir güzəşt qazanar da. Niyə sizi müdafiə edib həm məmurlarla dalaşmalı, həm də sizin mənhus ağzınıza düşməli, kefi pozulmalı, yanıb-yaxılmalıdır!

Bir müddət əvvəl Dilçilik İnstitutu meymunçiçəyi xəstəliyinin adının yazılış qaydası ilə bağlı açıqlama yayanda da belə hoydu-hoyduya başlamışdınız. Dilçilik İnstitutu bəlkə də son bir ildə ilk dəfə idi ki, vəzifəsini yerinə yetirirdi və bu sözün düzgün yazılışını dərhal elan edirdi ki, dili qorusun. Oysa "Azərtac"da belə bu xəstəliyin adı 4 variantda yazılırdı – tam bir xaos idi.

Biriləri isə başladı Dilçilik İnstitutunu hədəf seçib, lağ obyektinə çevirməyə. İndi o dilçilər sizin bu qeyri-ciddiliyinizi görüb, yanlışınızı, eyibinizi növbəti dəfə düzəltməyə cəhd edəcəkmi?

Yaxud bir müddət əvvəl Lalə Azərtaşın sözünü qanmadan, özünü başa düşmədən başlayan "lağ-lağı"...

"Qananı başa salmaq – bostançıya tərə satmaq/ qanmazı başa salmaq – kasıbkarlıq əldə gedir" deyib atalarımız.

Qanmazlara söz başa salınca, adamın vaxtı, əsəbi, enerjisi gedir, ondansa gedib kasıbkarlığını etsə, ruzisini qazansa min pay yaxşıdır.

Fəzail Ağamalının "8 manat" sözündən sonra dünən baxmışam, gilas 9 manat 55 qəpiyə qalxıb marketlərdə. Haqq olur bizə, əcəb olur!

O düşük, əskik materiallara vaxt sərf edən klounlar gedib rayonda gilas yetişdirən adamın qapısında məhsulunu 50-60 qəpiyə satdığını göstərsəydi, Bakıda isə onun 8-10 manata olmasının səbəbini axtarsaydı, indi vəziyyət necə olardı?

Kənd təsərrüfatı yarmarkaları keçirilir – guya! Girirsən yarmarkalara - marketlərlə, bahalı bazarlarla qiymət fərqi az qala yoxdur.

Halbuki yarmarkalarda satış piştaxtaları pulsuz verilir (verilməlidir), kəndçinin məhsulunu o yarmarkalara gətirməsi üçün nəqliyyat ayrılır (ayrılmalıdır). Yaxşı, bəs, 50 qəpiyə qapısında gilas satan kəndçi niyə yarmarkada 7 manata satır gilası? Niyə ondan ucuz satmaq ona sərf etmir? Axı yeri pulsuz, nəqliyyat havayıdır!

Demək ki, pulsuz deyil! Demək ki, yarmarkalar gözdən pərdə asmaq üçündür! Demək ki, BM (Bakı meriyası) və KTN (Kənd Təsərrüfatı Nazirliyi) elə mahiyyətcə KVN-dir, bizə gülür, bizi ələ salır, bizi dolayır.

Bunları araşdırmaq, üzə çıxarmaq və əhaliyə faydalı olmaq əvəzinə sizlər günlərdir nə iş görürsünüz?

Sabah bu ölkədə buğda da bahalaşacaq – necə ki, bahalaşır, çörək də, ictimai nəqliyyatda gediş haqqı da... Ancaq bir deputat qalxıb deməyəcək ki, bu bahalıqda gediş haqqı olar?

Çünki klounlar, mənasızlar yenə doluşacaq sosial şəbəkələrə, başlayacaqlar ki, marşrut bahalaşıb, sənə nə? Sən heç marşruta minmirsən axı – öz xidməti maşının var və s.

Bu cür davrandığımızdır ki, bizi müdafiə edənlər sürətlə azalır. Fazil Mustafa, Aqil Abbas və bu kateqoriyadan olan barmaqla sayılası deputatların sayını azaltmaqla məşğuluq, imkan vermirik ki, adamlar yanımızda olsunlar.

O qədər qeyri-ciddilik edirsiniz ki, indiki bahalığı da, indiki yaşayışımızı da, hazırkı durumunuzu da haqq edirik.

Media artıq əhalinin qayğılarını ifadə etmək üçün deputat, ekspert tapıb danışdıra bilmir. Hər kəsə bir cavabınız var, kim bir fikir deyirsə, dərhal söyürsünüz, təhqir edirsiniz, aşağılayırsınız.

Savadsızlıq, intellektsizlik, başqasının fikrinə hörmət etməmək baş alıb gedir.

Dünyanın heç bir yerində belə total qeyri-ciddilik müşahidə etmək mümkün deyil; sosial şəbəkələrin digər ölkələrdəki seqmentlərində bu qədər təhqir, alçaltma görməzsən.

Dünyanın bütün fikir adamları, siyasi-ictimai fəalları, satiraçıları, yumorçuları cəmiyyətdəki problemləri öz üslublarınca ifadə edir – daha düşükcəsinə, yalnız hırıldamaq xatirinə kimlərisə peşman edib, mahiyyətdə cəmiyyətə ağır zərbə vurmur.

Cəmiyyəti, xalqı, əhalini düşünən yoxdur, sanki qəsdən, bilərəkdən bu xalqa qarşı nə mümkündürsə, onu edirlər.

Belələrinin "kərimə dövlət"çilərdən fərqi yoxdur.

Əstafurullah, fərqi var: kəriməçilərin hansı yuvanın quşu olduğunu və nə etmək istədiyini dərhal bilmək olar, bu klounlar isə cəmiyyətin müvazinətini, müqavimətini öz qeyri-ciddilikləri ilə sarsıdıb, fikir, düşüncə sahiblərini bezdirir, özlərindən uzaqlaşdırırlar.

Xalqa xəyanətin bundan o tərəfi yoxdur! /Axar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1700   Tarix: 25 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Vərəm dərmanlarının tədarükü: Məhkumların sağlamlığı məsələsində güzəşt ola bilməz - AÇIQLAMA

Vərəm xəstəliyinə qarşı dərman preparatlarının cəzaçəkmə müəssisələrinə tədarükü üçün əvvəllər barəsində inzibati xəta protokolu tərtib edilmiş şirkətlə müqavilə bağlanması dərmanların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar yaradır. Bununla belə, şirkətin əvvəlki pozuntusunun nə ilə bağlı olduğ

20 oktyabr
.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Anar Bayramov niyə nazir təyin edildi?

Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib

20 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr